İran və Azərbaycan qarşılıqlı etimad və mənafeyə əsaslanan münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edirlər.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün (4 iyul) Tehranda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, bugünkü müzakirələrdə bir daha ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün vacibliyi qeyd olundu.

“Yeni dönəmdə iki ölkə arasında və ya digər ölkələrlə mövcud olan regional formatlar diqqət mərkəzində durmalıdır. Tezliklə Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri səviyyəsində iclas keçiriləcək”, - deyə o qeyd edib.

İranlı nazir bildirib ki, digər bir format isə Qafqazda 3+3 formatında yüksək səviyyəli ekspertlərin iclasıdır. Bu iclas Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə arasında yüksək səviyyəli ekspertlər səviyyəsində, növbəti addımda isə xarici işlər nazirləri səviyyəsində Tehranda və ya İranın digər şəhərində keçiriləcək.

Əmir Abdullahian deyib ki, İran və Azərbaycanın iqtisadi əməkdaşlığında enerji və tranzit iki önəmli məsələdir. Elektrik istehlakının çox olduğu vaxtlarda iki ölkə arasında elektrik mübadiləsi müzakirə olunub. İranın energetika naziri Əli Əkbər Mehrabianın Azərbaycana səfərində elektrik mübadiləsi üzrə yekun razılaşma əldə olunacaq.

Əmir Abdullahian qeyd edib ki, Araz çayının ekoloji vəziyyəti haqda danışıqlar aparılıb. İran və Azərbaycanda Araz çayını çirkləndirən səbəblər müəyyənləşdirilib.

Onun sözlərinə görə, ötən aylar ərzində iki ölkə arasında ticarət dövriyyəsində diqqəti cəlb edəcək artım qeydə alınıb. Dövlət və özəl sektorların ticarət dövriyyəsinin artırılmasına xüsusi diqqət yetirəcəyinə ümid edirik.

BAKU.WS