SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını almaq, qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək, Qarabağ və işğal olunmuş ərazilərimizin erməni işğalından azad olunması uğrunda cavab tədbirləri görməyə başlayıb.

Azərbaycanın işğal altında olan ərazilərinin bir qismini azad etməsi, düşmənin milyonlarla dollar dəyərində hərbi texnika, RƏM sistemləri və digər silah-sursatının məhv etməsi və minlərlə düşmən hərbçisini zərərsizləşdirməsi Prezident İlham Əliyev əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmasını bir daha ortaya qoydu. Məhz dövlət başçısının göstərdiyi əzm və qətiyyətin nəticəsidir ki, dünyanın aparıcı ölkələri, nüfuzlu təşkilat və qurumlarının təzyiqlərinə baxmayaraq, Azərbaycan ordusu Dağlıq Qarabağdakı əməliyyatlarını dayandırmayıb.

İki həftədən çoxdur davam edən hərbi əməliyyatlara müxtəlif ölkələrdən reaksiyalar gəlib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Fransa Respublikasının prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində şiddətin artmasını sərt şəkildə qınamış və tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal dayandırılmasını istəmişdilər.

Bundan başqa BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsi çərçivəsində döyüş əməliyyatlarının ərazisinin genişlənməsi barədə xəbərlərdən narahatlığını bildirib. Baş katib münaqişə tərəflərini gərginliyi dayandırmağa, bütün regional iştirakçıları vəziyyətə təsir göstərməyə çağırıb.

Bütün təzyiqlər və çağırışlara rəğmən Prezident İlham Əliyev bəyan etdi ki, atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı vaxt cədvəli verməli və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Bundan əlavə İlham Əliyev baş nazir Nikol Paşinyanı "Qarabağ Ermənistandır" ifadəsini dəyişərək "Qarabağ Azərbaycandır" sözləri ilə əvəz etməsini və Azərbaycan xalqından üzr istəməsini şərt kimi irəli sürüb.

Azərbaycan hakimiyyətinin ən yüksək səviyyədə siyasətçi və nazirlərdən təşkil olunması, xalqın bu hökuməti dəstəkləməsi və İlham Əliyevin Baş Komandan kimi verdiyi qərarlarının arxasında xalqın dayanması onu həm ölkəsi, həm də regionda güclü, qətiyyətli və sevilən liderə çevirib. Bu gün İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünya miqyasında məsuliyyətli və etibarlı ölkə kimi tanınır. Ölkəmiz hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan 120 ölkənin dəstəyi ilə buna nail ola bilib.

Ölkəmiz bu gün Avropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji körpüsüdür. Yəni, bütün bu uğurlar, İlham Əliyevin yürütdüyü müstəqil siyasət sayəsində əldə olunub. Təbii ki, bu vəziyyət bəzi ölkələrin xoşuna gəlmir və Azərbaycana yuxarıdan aşağı baxmaq halları müşahidə olunur. Ancaq ölkə rəhbərliyinin qətiyyətli mövqeyi buna imkan verməyib. Ona görə Azərbayacana olan təzyiqlər heç bir nəticə verməyib. Azərbaycan müstəqil siyasət aparır, öz yolumuzla gedir, heç kimin sözü ilə oturub-durmur və heç kimin qarşısında baş əymir. 

BAKU.WS