Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 92 il ötür
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Onun anadan olmasından 92 il ötür.
Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk 1932-ci ilin bu günü, yəni oktyabrın 21-də Salyanın Pirəbbə kəndində doğulub. Ona babası Xəlil öz adını verib. Yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyadıb.
Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu "Bahar gəlir" kitabı nəşr olunur.
1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin "Ömürdən uzun küçələr" kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi" adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub.
Xəlil Rza 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona "Əməkdar incəsənət xadimi" adı verilir.
Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya - Lefortovo həbsxanasına göndərilib.
Ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyi"ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.
1991-ci il mayın 6-da şair "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülüb. Bir ildən sonra ona "Xalq şairi" fəxri adı verilib.
İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylidir.
Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub. O (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
Əbdürrəhim bəy Haqverdiyevin vəfatından 91 il ötür
Bu gün Əməkdar incəsənət xadimi, dramaturq və ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin anım günüdür. Görkəmli ədibin vəfatından 91 il ötür. Əbdürrəhim bəy Əs...