Xalq artisti Bəhram Mansurovun anadan olmasından 115 il ötür

Xalq artisti Bəhram Mansurovun anadan olmasından 115 il ötür
Mədəniyyət 17

Bu gün Azərbaycanın tanınmış tarzəni, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115-ci ildönümüdür.

Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 1911-ci il fevralın 12-də Bakının İçərişəhər qəsəbəsində dünyaya gəlib. O, zəngin musiqi ənənələri ilə tanınan Mansurovlar nəslinin davamçısı olub. Atası, mahir tarzən Məşədi Süleyman bəy oğlunun onda musiqiyə böyük istedad görməsi təsadüfi deyildi. Bəhram Mansurov hələ uşaqlıqdan tar ifasına maraq göstərib və 8 yaşından bu sənətə bağlanıb.

Gənc yaşlarında istedadı ilə diqqət çəkən musiqiçi 19 yaşında Müslüm Maqomayevin dəvəti ilə əvvəlcə Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi qəbul olunub. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar isə Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. O, səhnədə Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova və digər görkəmli sənətkarlarla birgə çıxış edib.

Bəhram Mansurov Azərbaycan musiqi tarixində mühüm iz qoyub. Onun ifasında "Çahargah" və "Rast" muğamları ilk dəfə nota alınıb. "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd" və "Çahargah" muğamları isə UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq dünya miqyasında yayılıb. O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumlarında Azərbaycanı təmsil edib.

Tarzən 54 il ərzində Opera və Balet Teatrında çalışaraq muğam operalarında xanəndələri müşayiət edib. Onun ifa etdiyi muğam və musiqi nümunələri oğlu, tanınmış bəstəkar Eldar Mansurov tərəfindən nota köçürülüb.

1971-ci ildə sənətkara həsr olunmuş "Çalır Bəhram Mansurov" sənədli televiziya filmi çəkilib. Bəhram Mansurov 1985-ci il mayın 14-də, 75 yaşında vəfat edib. 2011-ci ildə Prezidentin sərəncamı ilə onun 100 illik yubileyi geniş qeyd olunub.

Bu gün də Bəhram Mansurovun zəngin irsi Azərbaycan muğam məktəbinin inkişafında mühüm rol oynayır və gənc tarzənlər üçün örnək olaraq qalır.

Son xəbərlər