Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?
"Retro Baku" verilişinin növbəti buraxılışı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair Nüsrət Kəsəmənliyə həsr olunub.
Şairin oğlu Rəşad Kəsəmənli atasının həyatındakı ən həssas məqamlardan birinə toxunaraq deyib:
"Atamın keçmiş sevgilisi Sevda xanım dünyadan köçəndən sonra atam anamla tanış olur. Daha sonra toyları baş tutur. Amma həmin xanım ölüm yatağında olanda anam atamı onun yanına göndərmişdi. Dedi ki, mütləq şəkildə onun yanına get. Bu gün bunu edə biləcək qadın yoxdur".
Rəşad Kəsəmənlinin sözlərinə görə, anasının bu mənəvi böyüklüyü atasının yaradıcılığında həlledici rol oynayıb:
"Əgər anamdan başqa biri atamın həyatına daxil olsaydı, Nüsrət Kəsəmənli bəlkə də, bu zirvəyə yüksələ bilməzdi. Çünki yaradıcı insan azad olmalıdır. Onu sıxan, məhdudlaşdıran müdaxilələr varsa, yaradıcılıq ortaya çıxa bilməz".
Xalq şairi Sabir Rüstəmxanlı isə Nüsrət Kəsəmənlinin möcüzəvi şəkildə sağ qaldığı ağır avtomobil qəzasını xatırlayıb:
"Günlərin birində oğlum zəng vurub dedi ki, "ata, bilirsən, Nüsrət əmi qəzaya düşüb, deyirlər, ölüb". Nüsrətin telefonuna zəng etdim, telefonu özü açdı. Dedim, sən sağsan? Nüsrət "hələ sağam, ölümdən qayıtmışam" dedi".
Musiqiçi, bəstəkar Cabbar Musayev isə Nüsrət Kəsəmənlinin son günləri haqda danışıb:
"Dövlət tərəfindən dedilər ki, əməliyyat üçün səni üç ölkədən birinə göndərə bilərik. Nüsrət Kəsəmənli isə "mən Təbrizə getmək istəyirəm" dedi. Əməliyyatdan sonra onu palataya köçürdülər. Bağırsağından qan açıldı. Bu hal vaxtında hiss edilmədi və Nüsrət Kəsəmənli ən adi, gözlənilməz bir səbəbdən dünyasını dəyişdi".
Oxşar xəbərlər
Anar Ələkbərov "Geyzer" sərgisində iştirak edib
Azərbaycan Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində təqdim olunan...