Səhnəmizin əfsanəvi Məcnunu Hüseynqulu Sarabskinin anım günüdür
Bu gün səhnəmizin təkrarolunmaz Məcnunu, Xalq artisti Hüseynqulu Sarabskinin anım günüdür. Onun vəfatından 79 il ötür.
BAKU.WS xəbər verir ki, teatr və musiqi mədəniyyətinin böyük nümayəndələrindən biri Rzayev Hüseynqulu Məlik oğlu 1879-cu il martın 20-də Bakıda anadan olub. Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilib. O ilk dəfə 12 yaşında teatr tamaşasına baxır. Bu həvəskarların ifasında “Xan Sarabi” adı ilə səhnəyə qoyulan Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası idi.
Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu güclü təəssüratın nəticəsidir. O, teatra çətin bir dövrdə gəlib. Teatrı “şeytan əməli”, aktyorluğu isə “kişiyə yaraşmaz peşə” hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedib.
Hüseynqulu təhsilli insanları özünə nümunə seçib, onlara bənzəmək istəyib. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirib. O, səhnəyə ilk baxışdan və birdəfəlik vurulub. Səhnə onun əbədi məhəbbətinə çevrilib. Bu məhəbbət qarşılıqlı oldu.
Onun teatra gəlməsində tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhimbəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.İlk dəfə 1902-ci ildə N.Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunu oynayan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır.
O, Henrix Heynenin “Əlmənsur” pyesində ərəb səyyahının rolunu oynayarkən oxuduğu təsiredici “Hicaz” muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili teatra, operaya gətirib. Məhz bu tamaşada Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir bəy Hacıbəylinin diqqətini cəlb edib. Bu, zirvəyə gedən yolun başlanğıcı olub. Üzeyir bəy Hacıbəyli məlahətli səsə malik, muğamlara bələd olan Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola dəvət edib.
1908-ci il yanvarın 12-də Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulur. “Məcnun”u oynayan Sarabski birinci və ikinci pərdələri həyəcan və qorxu içində var qüvvəsi ilə yaxşı oynamağa çalışır. Zaldan “Afərin!” sədalarını eşidən aktyor üçüncü pərdədə özünü tamamilə unudub “Məcnun” olur.
Məcnun obrazı ona böyük uğur gətirir, bundan sonra dəfələrlə Bakıda, müxtəlif regionlarda, hətta Tiflisdə “Leyli və Məcnun” oynanılır. Artıq dostlar, ziyalılar arasında onu zarafatla “Məcnun” çağırırdılar, etiraz etmirdi və hətta xoşuna gəlirdi.Sənətini musiqi incisi olan “Leyli və Məcnun” zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşayıb.
Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti gətirib. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də “oyunbazlıq” kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi olub. Aktyorun özünün yazdığı kimi, “vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar”.Səhnədə olduğu 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı, bu rolu tamaşaçıya sevdirib. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanınıb.
O, milli opera tarixində Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Şah Abbas və Xurşidbanu”, “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” kimi opera və operettalarında, Müslüm Maqomayevin “Şah İsmayıl”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarındakı rolları ilə mədəniyyətimizə iz qoyub. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapıb. Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edib. Şah İsmayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçıları riqqətə gətirib, Kərəm obrazını yaradanda yandırıb-yaxırdı.
1918-ci ildə Bakıda Sarabskinin vəziyyət ağırlaşır, aktyorlar hərəsi bir tərəfə dağılır. H.Sarabski də İrana gedir, amma çox qala bilmir. Pulsuzluq, xəstəlik onu əldən salır və o, Bakıya qayıdır.1920-ci ildən sonra Hüseynqulu Sarabski yenidən teatrda işləməyə başlayıb. 1923-cü ildə onun yubileyi qeyd olunub. Görkəmli sənətkar Orta Asiya ölkələrinə, Rusiyaya təşkil olunan qastrollarda iştirak edib. O, 1932-ci ildə “Xalq artist” adına layiq görülüb.
XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətlərindən olan Hüseynqulu Sarabski 1945-ci il fevralın 2-də vəfat edib.
Oxşar xəbərlər
Bu gün Xalq artisti Tofiq Quliyevin anım günüdür
Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür. BAKU.WS xəbər verir ki, sənətkarın vəfatından 23 il ötür. Tofiq Ələkbər oğlu Quliyev 191...