Mühacir şair Almas İldırımın vəfatından 74 il ötür
Bu gün mühacir şair Almas İldırımın anım günüdür. Onun vəfatından 74 il ötür.
Almas İldırım (Əbdülhəsən Almaszadə) 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində doğulub. 1914-1915-ci illərdə "İttihad" məktəbində təhsil aldığı dövrdə farsca öyrənib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır.
1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir.
Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır…".
Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün həbsxanada qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verirlər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır.
Almas İldırım 1952-ci ilin bu günü, yəni yanvarın 14-də böyrək xəstəliyindən vəfat edib. Onun Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub.
Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə var.
1991-ci ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.
Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı mövzusunu təşkil edir. Almas İldırım Türkiyədəki 17 illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirmiş, milliyətçi və istiqlalçı şair kimi tanınmışdır.
Yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunmuşdur. Bundan başqa, onun "Azərbaycan mahnıları" adlı kitabı da var. Azərbaycan Kültür Dərnəyinə üzv olan Almas İldırımın yazıları "Çinaraltı", "Orxun", "Gökbörü", "Boz qurd", "Kommunizmlə mücadilə" və digər qəzet və dərgilərdə dərc olunub.
Oxşar xəbərlər
Azərbaycan "Avroviziya-2026"nın ikinci yarımfinalında çıxış edəcək
Azərbaycan təmsilçisi "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək. BAKU.WS xəbər verir ki, iştirakçıların siyahısı püşkatm...