Nəsibə Zeynalovanın anadan olmasının 110 ili tamam olur
Bu gün Azərbaycan səhnəsinin görkəmli simalarından biri, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 ili tamam olur.
BAKU.WS xəbər verir ki, Nəsibə Cahangir qızı Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya gəlib. Onun atası, tanınmış aktyor və teatr xadimi Cahangir Zeynalov Azərbaycan realist aktyor məktəbinin əsasını qoyan sənətkarlardan olub.
Aktrisanın uşaqlıq illəri çətin keçib. 1918-ci ilin mart hadisələri zamanı ailəsi ilə birlikdə İrana getmək məcburiyyətində qalıb. Həmin ilin payızında Bakıya qayıdarkən atası xəstələnərək vəfat edib. O zaman Nəsibə Zeynalovanın cəmi iki yaşı var idi.
Sonralar atasının arzusunu reallaşdıran sənətkar erkən yaşlarından incəsənətə maraq göstərib. O, əvvəlcə rəqqasə kimi fəaliyyət göstərib, daha sonra 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə qoşulub. 1937-ci ildən səhnə fəaliyyətinə başlayan aktrisa bir il sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib.
Nəsibə Zeynalova zəngin yaradıcılığı ilə milli teatr tarixində özünəməxsus iz qoyub. O, Üzeyir Hacıbəylinin və digər bəstəkarların əsərlərində yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. Sənətkarın komik rolları, xüsusilə Cənnət xala, Nargilə və Züleyxa kimi obrazları uzun illər yaddaşlarda qalıb.
Aktrisa eyni zamanda kinoda da uğurlu obrazlar yaradıb. "Ögey ana", "Böyük dayaq", "Ulduz", "Qaynana" kimi filmlərdəki rolları Azərbaycan kino tarixinin yaddaqalan nümunələrindəndir.
Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Onun yaradıcılığı və sənət irsi bu gün də tamaşaçılar tərəfindən böyük sevgi ilə xatırlanır.
Oxşar xəbərlər
Görkəmli bəstəkar Qəmbər Hüseynlinin doğum günüdür
Görkəmli Azərbaycan bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum tarixidir. BAKU.WS xatırladır ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı...