Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
Bu gün Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür. Onun anadan olmasından 187 il ötür.
Həsən bəy Zərdabi (Həsən bəy Səlim bəy oğlu Məlikov) 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində doğulub. İlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirib.
Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılıb.
Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlayıb.
Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulub.
Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalıb.
Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət edib. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olub. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulub.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunub.
Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulub.
İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi.
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.
1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, o yenə də mətbuatda fəal iştirak edirdi.
1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olub.
Həsən bəy Zərdabi 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalıb.
1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun qalıqları Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.
Oxşar xəbərlər
Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - YENİLƏNİB - VİDEO
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçi...