“Cəbrayıla getmək istəyirəm, həyat yoldaşımın qəbri ordadır” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Gülüstan Əliyeva “Xəzər” TV-də yayımlanan “Evdəkilərə salam” proqramının qonağı olub.
BAKU.WS xəbər verir ki, ifaçı proqramda şəhid həyat yoldaşı Zahid Əhmədov və şəhid qardaşından danışıb. İfaçı onlardan danışarkən göz yaşlarına hakim ola bilməyib:
“Zahid minaya düşmüşdü. Ağır dərəcəli yanıq xəsarətləri almışdı. Onu xəstəxanaya aparmaq üçün bir neçə dəfə helikopter göndərilsə də, artıq gec idi. İlk bir-iki gün onu görməyimi istəməmişdi. Sonralar eşitdim ki, ömrünün son günündə məni istəyib. Bəlkə mənə nəsə vacib sözü var idi, bilmirəm. Onda da atasıgil qoymayıb... Çox cəhd etsəm də, Zahidi görə bilmədim. Bir dəfə yatdığı otağın qapısı aralı qalmışdı. Onda az da olsa gördüm: qapqara kömür kimi yanmışdı, sadəcə sarğıları ağarırdı. O, vəfat edəndə oğlumuz Rüfətin 40-ı yeni çıxmışdı. Yoldaşım şəhid olandan sonra qardaşım da sanki dəyişib başqa bir adam oldu. Özünə yer tapa bilmirdi. Tez-tez deyirdi ki, mən getmək istəyirəm. Orduya yollandı, Murovda xidmət etməyə başladı. Bir müddət sonra aprel ayında orada genişmiqyaslı döyüşlər baş tutdu. Bizim neçə-neçə igid oğullarımız bu döyüşdə həlak oldu. Onlardan biri də mənim qardaşım idi”.
Əməkdar artist daha sonra Cəbrayıl işğaldan azad olunarkən yaşadığı sevinci dilə gətirib:“Oğlumla sevindiyimizdən elə qışqırmışdıq ki... Dedim, Rüfət, Cəbrayıla gedək. Dedi, tələsmə ana, yollar açılsın, gedərik. Yoldaşımın qəbri Cəbrayıldadır. Aldığımız məlumatlara görə, ermənilər hamısını dağıdıblar”.
Qeyd edək ki, Cəbrayıl rayonunda doğulub-böyümüş şəhid Zahid Əhmədov gənc yaşında, 1991-ci ildə Qarabağ müharibəsində həlak olub. BDU-nun Hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Onun Rüfət adlı bir oğlu yadigar qalıb.
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...