Bu gün Xalq artisti Oqtay Kazıminin doğum günüdür

Bu gün Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günüdür.
BAKU.WS xəbər verir ki, Oqtay Məmməd oğlu Kazımovun (Kazımi) anadan olmasından 91 il ötür. O, 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub.
1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə Bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib.
Konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoyan O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayıb.
“Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Onun yaradıcılığında mahnı janrı xüsusi yer tutub.
Kazıminin 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları” və “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə və başqalarının repertuarında möhkəm yer tutub.
Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.
O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da, 78 yaşında dünyasını dəyişib.
Oxşar xəbərlər
Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Noyabrın 23-ü dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür. Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev...
