Bu gün görkəmli bəstəkar Fikrət Əmirovun anım günüdür

Bu gün görkəmli bəstəkar Fikrət Əmirovun anım günüdür
Mədəniyyət 31

Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anım günüdür.

BAKU.WS xəbər verir ki, onun vəfatından 39 il ötsə də, yazdığı əsərlər hər zaman sevilə-sevilə dinlənilir.

Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb.

O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub.

Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

Fikrət Əmirov 1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.

Onun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın müəllifi olduğu yeni, simfonik muğam janrı “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub.

Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradıb.

F.Əmirovun məşhur baletləri olan “Min bir gecə” və “Nəsimi” dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamını ifa edib.

Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

2022-ci ilin martın 22-də Prezident İlham Əliyev Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Müvafiq Sərəncamla F.Əmirovun yubileyi ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub.

Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley ötən il noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.

Oxşar xəbərlər

Son xəbərlər