Bəhram Bağırzadə prezidentlə görüşün sirrini açdı - VİDEO

Bəhram Bağırzadə prezidentlə görüşün sirrini açdı - VİDEO
Video
Mədəniyyət 7376
Bir müddət əvvəl bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə dostluq və səmimi mühitdə görüşü baş tutdu. BAKU.WS-in əməkdaşı görüşdə iştirak etmiş Əməkdar artist Bəhram Bağırzadə ilə söhbət edib və prezidentlə görüş barədə təəssüratlarını öyrənib. Bəhram Bağırzadə ilə söhbətimiz baş tutan məkan Hacı Zeynalabdin Tağıyevin ən çox sevdiyi yerlərdən biri olub. Deyilənə görə, H.Z. Tağıyev burada gəlib dincələrmiş, çay içərmiş... 1864-ci ildə tikilən otel bu gün «Theatrum» otel adlanır. Burada Hacı Zeynalabdin Tağıyevin guşəsi də yaradılıb. Əməkdar artist, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyi və Karikaturaçılar Cəmiyyətinin üzvü, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadə ilə baş tutan səmimi söhbəti təqdim edirik:- Bəhram bəy, müsahibəyə gəldiyinizə görə təşəkkür edirəm. - Mən, birinci növbədə, sizə minnətdarlığımı bildirirəm ki, bu gün məni BAKU.WS-in videomüsahibəsinə dəvət etmisiniz. BAKU.WS həmişə mənim sevincli günlərimdə yanımda olub. Mənim heç xəbərim də olmayıb. Həmişə tədbirlərimi işıqlandırmısınız. İkinci növbədə, sevinirəm ki, Bakı şəhərində belə gözəl otel açılıb. Gördüyünüz kimi, burada Hacı Zeynalabdin Tağıyevin guşəsini yaradıblar. Əgər bir dövlətdə, məmləkətdə, şəhərdə otel açılırsa, bu, iqtisadiyyatın inkişafının göstəricisidir. Otellər turistlər üçün tikilir. Turist axını var. Bu da bir göstəricidir.- Bir müddət əvvəl bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə dostluq və səmimi mühitdə görüşü baş tutdu. İlk növbədə, bu görüşlə bağlı təəssüratlarınızı öyrənmək istərdim.-Bəli, mən də dəvət aldım. Sevinirdim ki, Allah-Təala məni yaddan çıxartmadı. 30 illik fəaliyyətimə görə, bəlkə də, lazım bildilər ki, məni də dəvət etsinlər. Açığı, orada çıxış etməməliydim. Heç mənə söz də verilməmişdi, hazır da deyildim. Ömrümdə birinci dəfə özümdə güc tapdım, oradakı təklifləri, xahişləri nəzərə aldım və çəkinmədən mikrofonun düyməsini sıxdım. Yadınıza gəlirsə, mən orada hamıdan üzr istədim. Dedim ki, burada çoxları ağsaqqal və ağbirçəklərdi. Rəhmətlik atam mənə həmişə deyərdi ki, ağsaqqallar və ağbirçəklər olan yerdə danışma, sus, qulaq as. Əgər lazım bilsələr, söz versələr, onda danışarsan. Bəlkə də ömrümün son 30 ilində birinci dəfə danışdım və Allaha şükür olsun ki, cənab Prezident məni diqqətlə dinlədi. Üstündən, təxminən, 1 saat keçəndən sonra hər bir iştirakçıya, şəxsə, şəxsiyyətə cavab veriləndə mənim də növbəm çatdı. Prezident mənimlə də dialoqa girdi. Mənim üçün də bir akyor, vətəndaş kimi sevindirici hal idi ki, cənab Prezident mənim yaradıcılığımla maraqlanır, baxır, izləyir. Dedi ki, bundan sonra da çox istərdim ki, sənin nailiyyətlərin olsun. Təklifim Hacı Zeynalabdin Tağıyevlə bağlı oldu. O da İnşallah, Allahın izni ilə bu yaxınlarda həyata keçəcək.
- Sözügedən təklifinizlə bağlı aparılan işlər nə yerdədir?-Artıq iş başlayıb və 6-7 yer müəyyənləşdirilib. Peşəkar insanlar bu işlə məşğuldur - həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm memarlar, həm də heykəltaraşlar. Mənə yüzlərlə zəng olur. Soruşurlar ki, yer haradadır, heykəli kim düzəldəcək? Deyirəm ki, bilmirəm. Mən cənab Prezidentə də dedim ki, burada aktyor, KVN-çi, sənət adamı kimi yox, sadəcə olaraq, Azərbaycan Respublikasının vətəndaşı və Bakı şəhərinin sakini kimi xahiş yox, təklif edirəm. Bu, xahiş deyil. Bu, təklif idi. Bunları niyə deyirəm? Çünki bu işlərlə peşəkarlar məşğul olmalıdır. KVN-çi heç vaxt deyə bilməz ki, heykəl harada olmalıdır və kim tərəfindən ucaldılmalıdır. Bu, absurddu. Təklif edə bilərəm. Niyə də yox. Bu, mənim bir azərbaycanlı, Bakı şəhərinin sakini kimi mövqeyimdir, vətəndaşlıq borcumdur. Sizə söz verirəm ki, mən bu məlumatı əldə edəndən sonra birinci BAKU.WS biləcək və işıqlandıracaq.- Bu təklifi irəli sürdükdən sonra Birinci vitse-prezident Mehriban Əliyeva ilə də görüşünüz oldu. Bu haqda nə danışa bilərsiniz?- Allah-Təala heç vaxt bəndəsinin sualını cavabsız qoymur. Allah-Təala dərhal o sualın cavabını verir. O cavabı bəziləri 1 saat sonra, bəziləri 1 sutka sonra, bəziləri isə 1 ay sonra alır. Allah-Təala bizdən yaxşı bilir ki, o suala, istəklərə, dualara nə zaman cavab gəlməlidir. Mən də bu istəklə, yalan olmasın, 25 ildir yaşayırdım. Nə vaxtsa, fürsət düşəndə Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsın. Bu, mənim arzum idi. Allah-Təala mənə qismət etdi. İnşallah bu arzunu həyata keçirəcəyik. Mehriban xanımla da biz bu barədə danışdıq. Sadəcə olaraq, nə qədər də BAKU.WS mənim dostlarım da olsa, oradakı söhbətləri açıqlaya bilmərəm. Bu, düzgün deyil. Biz qərara gəldik ki, heykəltaraşlar arasında müsabiqə olmalıdır. Layihə bir heykəltaraşa həvalə olunmamalıdır. Bir komissiya yaradılmalıdır. O komissiya, birinci növbədə, yeri müəyyənləşdirmək üçün qərara gəlməlidir. Yeri müəyyənləşdirəndən sonra həmin o müsabiqəni elan etməlidirlər. Mən də təklif etdim ki, Rəssamlıq Akademiyasının I kurs tələbələrindən tutmuş ən böyük peşəkar memarlarımız, rəssamlarımız və heykəltaraşlarımız bu müsabiqədə iştirak etsinlər. Onda heykəltaraşlar da sevinəcək. Hər birinə əl işlərini göstərməyə şans yaranacaq. Həm də rəqabət olacaq. Bir təklif də etdim ki, yer götürək və hər bir sənətkarın maketlərini həmin masalara qoyaq. Vətəndaşlarımız, Bakını sevənlər, Hacıya hörmət edənlər, ümumiyyətlə, Azərbaycanı sevən insanlar gəlib o əl işlərinə baxsınlar və ondan sonra qərar çıxarılsın ki, heykəl hansı yerdə olacaq və hansı heykəltaraş tərəfindən ucaldılacaq. Belə ədalətli olacaq.
- Siz heykəlin harada ucaldılmasını təklif etdiniz və hansı səbəbdən məhz həmin yerdə? - Mən onu məhz Kukla Teatrı ilə üzbəüz görürəm. Hacı faytonda əyləşib və öz şəhərinə baxır. Düzdür, çoxları mənə irad tutdu ki, niyə məhz orada. Axı siz bilirdiniz ki, orada Məmməd Əmin Rəsulzadənin heykəli ucaldılmalı idi. Mən də onlara sual verdim ki, kim tərəfindən yazılıb ki, orada Məmməd Əmin Rəsulzadənin heykəli olmalıdır?. Sual verdim, cavab verə bilmədilər. Mənə elə gəlir ki, ona o vaxt dəstək verənlər tələsmişdi. Tələsmişdilər, çünki o insanlar nə Azərbaycanın, nə də Bakının tarixini yaxşı bilmirdilər. Birincisi, Məmməd Əmin Rəsulzadəni kiçildiblər. Məmməd Əmin Rəsulzadə üçün, ruslar demişkən, "пространство" (genişlik-red.) lazımdır. Digər yerdə. Əgər mən deyirəm ki, Hacı Zeynalabdin Tağıyevin heykəli həmin bağda olmalıdır, bu, o demək deyil ki, Məmməd Əmin Rəsulzadənin heykəli olmamalıdır. Məmməd Əmin Rəsulzadənin heykəli olmalıdır. Ondan da böyük və uca yerdə. Ora M.Ə.Rəsulzadənin yeri deyil, çünki ora Hacı ilə bağlıdır. Kukla Teatrının qabağındakı bağa baxsaq, sağ tərəfdə "köhnə univermaq" kimi tanıdığımız Tağıyev pasajı var. Mərkəzi univermaq açılandan sonra Tağıyev pasajına "köhnə univermaq" deməyə başladılar. Onun yanında hazırda H.Z. Tağıyev küçəsi var. Orada da Tarix muzeyi yerləşir. Tarix muzeyini də cənab Prezidnetimiz bir neçə il bundan qabaq restavrasiya etdirdi. Üzbəüz Tağıyev teatrıdır, yəni Azərbaycan Dövlət Akademik Musiqili Teatrı. Birinci dəfə Şollar suyu 1917-ci ildə Səməd Vurğun küçəsinə gəlib. Üzbəüz, Kukla Teatrının arxasında isə limanda Hacının gəmiləri var idi. O ərazinin H.Z.Tağıyevlə bağlılığı çoxdur. Ona görə Hacının heykəlini məhz orada görürdüm. Yenə də deyirəm. Ola bilsin ki, orada olmasın. Bu, mənim vətəndaş kimi təklifimdir. Kim ki, başqa təkliflər verirsə, onda mən sual verirəm ki, bu son 20-30 ildə bu heykəl qoyulmalı idisə, siz niyə susmuşdunuz, niyə demirdiniz? Elə gözləyirdiniz ki, Bəhram Bağırzadə bu məsələni qaldırsın, ondan sonra hamısı başlasın ki, bu düz deyir, yaxud düz demir. O sözü demək üçün mən düz 25 il gəlirdim.Hacının həyatından maraqlı bir əhvalat danışım. Bu divardakı portreti Sankt-Peterburqdan gələn məşhur rus rəssamı yaratmışdı. Düz 2 saata. Hacının vaxtı yox idi. Bütün günü neft mədənlərində, fabrikdə, zavodda, görüşdə idi. Vaxt yox idi ki, otursun, gözləsin, onun portretini çəksinlər. Hacı dedi ki, nə istəyirsən et, 2 saat vaxt verirəm. Həmin rus rəssamı bu əsəri 2 saata yaratmışdı. Hacı əsərə baxdı və ona nə qədər pul verəcəyini soruşdu. Rus rəssamı ondan 2 min qızıl pul istədi. Hacı ona cavabında dedi ki, sən ağlını itirmisən? İki saat işləmisən, 2 min istəyirsən? Həmin rəssam orada çox güclü cavab verdi. Dedi ki, Hacı, 2 saata yox, düz 28 il, 8 ay, 2 həftə və 2 saat. O belə bir əsəri yaratmaq üçün düz 28 il, 8 ay işləyib ki, Peterburqdan gəlsin Bakıya, Azərbaycan milyonçularının xanımlarının portretlərini çəksin, pul qazansın və Hacı da ona 2 saat versin ki, o işləsin.Bunu nəyə gətirirəm? Cənab Prezidentlə düz 2 dəqiqə 40 saniyə dialoqumuz oldu. Cənab Prezidentlə 2 dəqiqə 40 saniyə danışmaq üçün mən düz 30 il öz üzərimdə işləmişəm ki, məni dəvət etsinlər və orada da Allah-Təala mənə güc versin ki, millətin istəyini çatdırım. Mən millətin arasında olan bir insanam. O gün də dedim. Mənim yarım milyona yaxın izləyicim var və onlar hamısı mənə dəstək olur. Məndən soruşsaydılar ki, Allah-Təala sənin üçün şərait yaratdı, bəs sən niyə xalqın, millətin istəyini cənab Prezidentə çatdırmadın, onda mən nə deyəcəkdim? Yaxud da "o dünya"da. Elə məsələlər var ki, onu demək lazımdır. Bu, mənim istəyimdir. Mən o istəyə 30 il gəlirdim. Kimin istəyi varsa, 5-ci nöqtəsini qaldırsın, getsin işləsin, çalışsın. Ondan sonra nə istəyi, xahişi varsa, etsin. Bu gün Allahın bəndəsi - Bəhram Arif oğlu Bağırzadə bu təklifi verdi.
BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və Bəhram Bağırzadə

- Həmin heykəlin altında ideya müəllifi kimi adınızın qeyd olunmasını istərdinizmi?- Heç vaxt, heç bir zaman. O, ayıbdır. O, günahdır. Çox böyük günahdır ki, mənim adım haradasa yazılsın. Bu, millətimin, milyonlarla insanın istəyidir. O, düzgün deyil. Çünki Hacı və onun əməlləri mənim daxilimdədir. İstər heykəl orada olsun, istərsə də olmasın. Mən bunu heç vaxt açıqlamamışam. Evimdə başımın üstündə iki dənə portret var: biri rəhmətlik atamın, biri də Hacının. İki insan var ki, bu həyatda onlara hörmət edirəm. Bir atamdan çox şey öyrənmişəm, bir də Hacıdan. Digər indiki milyonçular da görsünlər ki, necə kişilər olub gedib. Şəxsən mənə heç nə lazım deyil.- Hələlik oxucularımıza, izləyicilərimizə deyəcəkləriniz...- Mən BAKU.WS-in bütün izləyicilərini, oxucularını bayramqabağı təbrik edirəm. Hamıya möhkəm, uzun, mənalı ömür arzulayıram. Mənalı ömür. İnsan gəlir, 50, 60, 70 il yaşayır, amma məna tapmır. Mən həmişə dua edəndə mənalı ömür üçün dua edirəm ki, insanlar doğrudan da asudə vaxtlarını mənalı keçirsin. Can sağlığı arzu edirəm. Mənə baxanların evində ola bilsin ki, xəstəsi olsun. Hamısına şəfa arzulayıram. Allah səbəb salsın. O valideynlərin ki, övladları hal-hazırda əsgərlikdə, cəbhə bölgəsindədirlər, bayramdan sonra sağ-salamat evə qayıtsınlar. Öz gəlişləri ilə valideynlərini sevindirsinlər. Kişilər ki, hal-hazırda işsiz oturublar, ruzi-bərəkətə ehtiyacları var. Allah-Təala onlar üçün iş yeri açsın, işləsinlər, qazansınlar və övladları yanında heç vaxt aciz olmasınlar. Allah bizim milləti qorusun. Sağ olun, minnətdaram.Çəkilişdə göstərdikləri köməyə görə “Theatrum Hotel Baku”ya dərin minnətdarlığımızı bildiririk. (Ünvan: Mərdanov qardaşları küçəsi. Əlaqə nömrəsi: (+994) 12 525 55 25)Hüseyn MəmmədsalahovFoto: Anar QasımovBAKU.WS

Oxşar xəbərlər

Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib

Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva martın 4-də Əməkdar artist Bəhram Bağırzadəni qəbul edib.BAKU.WS-in məlumatına görə, görüşdə martın 1-də...

6751 Siyasət 19:03 04 mart 2019

Son xəbərlər