Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, məşhur bəstəkar və müğənni Polad Bülbüloğlu Rusiyanın “Milli əzəmət” ictimai mükafatının “Şərəf və ləyaqət” nominasiyası üzrə laureatı adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mayın 31-də İttifaqlar Evində keçirilən mükafatlandırma mərasimində Rusiyanın və MDB ölkələrinin tanınmış ictimai və mədəniyyət xadimləri, siyasətçilər iştirak ediblər.

Polad Bülbüloğlu mükafatlandırma mərasimində çıxış edərək əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu ictimai mükafat Azərbaycan ilə Rusiya arasında mehriban dostluq əlaqələrinin daha bir təzahürüdür. O vurğulayıb ki, xalqlarımız bir ölkədə yaşamış, birlikdə faşizmə qalib gəlmişlər. Səfir deyib: “Ən vacibi odur ki, bu, vətəndaş cəmiyyətinin mükafatıdır. Bu mükafatlar da, dövlət mükafatları kimi, mənim üçün çox dəyərlidir”.

“Milli əzəmət” ictimai mükafatı 2005-ci ildə təsis edilib. Müxtəlif illərdə bu mükata qrossmeyster Anatoli Karpov, bəstəkar Aleksandra Paxmutova, rejissor Eldar Ryazanov və başqaları layiq görülüblər. Bu il mükafat alanlar arasında SSRİ Xalq artisti Vasili Lanovoy, Özbəkistanın Xalq artisti, “Yalla” ansanblının rəhbəri Fərrux Zakirov və başqaları da var idi. BAKU.WS