SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür. Onun 79 yaşı tamam olur.

Şəfiqə Haşım qızı Məmmədova 1945-ci ilin bu günü, yəni martın 30-da Dağıstanın Dərbənd şəhərində doğulub.

1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib. 1980-ci ildə Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, 1981-ci ildə Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

1968-ci ildə Azərbaycan Milli Dram Teatrının truppasına qəbul olunub.

Aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb.

Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.

Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.

1974-cü ildə "Azərbaycanın Əməkdar artisti", 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti adına layiq görülüb.

O 1995–2000-ci illərdə Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub.

2012-ci ildə yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

2022-ci il dekabrında isə o, yekdilliklə yenidən İdarə Heyətinin sədri seçilib.

Şəfiqə Məmmədovaya 25 iyun 2013-cü il tarixində "Şərəf" ordeni verilib. 

BAKU.WS