SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün görkəmli aktyor Hamlet Xanızadənin anım günüdür. Sənətkarın vəfatından 34 il ötür. Teatr və kino sənətinin usta aktyorlarından olan Hamlet Xanızadə 49 il ömür sürüb. O, yaratdığı müxtəlif obrazlarla adını kino tariximizə həkk etdirib. 

BAKU.WS xəbər verir ki, Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan qəsəbəsində doğulub. Uşaqlıqdan teatra həvəsi olub. Lakin atası Bəbir bəy oğlunu aktyor kimi görmək istəmirdi. Maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bir istiqamətə yönəltmişdi. Elə buna görə də Teatr İnstitutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başladı.

Onun rollarının sırasına nəzər salanda heyrətlənməyə bilmirsən. Son dərəcə fərqli və ziddiyyətli surətləri bir aktyor öz ruhundan, varlığından keçirərək onları necə ustalıqla yarada bilmişdi: Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqaları.

Hamlet Xanızadənin məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb.

Tanrının bağışladığı istedad öz yerində, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil edirdi.

"Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı"... və nəhayət, "Qətl günü" filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır.

O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir ifaçı haqqında düşünmək belə ağıla gəlmir.

"Qətl günü" filmindəki Sədi Əfəndi onun son rolu oldu. Həyatın bu amansızlığı imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi.

O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı.

49 il ömür sürən Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib.

1990-cı ilin 20 Yanvar hadisələri onu dəhşətli dərəcədə sarsıtmışdı. Sənətkar elə həmin ilin fevralın 3-də Bakıda vəfat edib.

BAKU.WS
QALEREYA