VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün görkəmli incəsənət xadimi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasından 80 il ötür. Hər il Müslüm Maqomayevin xatirəsi anılır, sənətə və əsl sənətkara hörməti olan hər kəs Fəxri xiyabana gələrək onun məzarını ziyarət edir, üzərinə təzə-tər güllər düzür.

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən sənətçi ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçmişdir.

Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

Zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.

Müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında da səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, deyərdim ki, fəlsəfi yüksəkliyə qaldırdı.

Müslüm Maqomayev bütün zamanların sənətkarı olmaqla yanaşı, həm də musiqi tariximizdə əbədiyaşarlıq qazanmışdır. İllər ötür, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi azalmır, əksinə, daha da artır. Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu ziyarətə gələnlərin sayı heç vaxt azalmayacaq.

BAKU.WS