VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

- Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovanın BAKU.WS-ə müsahibəsini təqdim edirik.

Sənət işləriniz necə gedir? Hər hansı yeniliklər var?

- Lap yaralı yerimə toxundunuz. Mən hər dəfə teatrın qarşısından keçəndə dua edirəm ki, Allahım, teatrın qapılarını üzümüzə aç. Dünyamız bu bəladan xilas olsun. Allah əsgərlərimizi qorusun. Onların sayəsində biz öz azadlığımıza qovuşduq. Allah şəhid analarımıza səbr versin. Mən o anaları görəndə ürəyim parçalanır. Allah səbr versin!

- Kino və teatr sahəsində böyük əməyiniz olub. Seçim arasında qalsaydınız, hansını seçərdiniz?

- Bilirsiniz, mən bu sənətə gələndə teatrla gəlmişəm. Heç bilmirdim, sənət nədir, aktrisalıq nədir? 1986-cı ildə ilk dəfə seçim turuna qatıldım. Bir də gördüm, hər kəs məni təbrik edir. Sən demə, Moskva məni təsdiq edibmiş. Şansım gətirdi, “Sarıköynək” mən seçildim. Sonra oynaya-oynaya universitetə daxil oldum. 18 yaşımda ilk dəfə aktrisalıq etdim. Məni bu sənətə bağlayan insanların sevgisi oldu.

- Çətin dönəmlərdən keçdik. Vətən müharibəsindən alnıaçıq, üzüağ çıxa bildik. Hər halda bu tarixi qələbəyə filmlər çəkiləcək. Hansı rolu canlandırmaq istəyərdiniz?

- Əgər belə bir təklif gəlsə, mən Şəhid anası və ya Şəhid bacısı rolunu canlandırmaq istəyərdim. Çox istəyərdim, bu rolu oynayım. Təklif gəlsə, heç düşünmədən qəbul edərəm. Şəhid anaları ilə bərabər mən də onu içimdə yaşadım.

Allah Prezidentimizin canını sağ eləsin. Onun sayəsində biz belə qələbəni qazanıb sevindik. Amma mən o sevinci içimdə yaşadım. Evimdə oturdum, acığıma gəldi, insanlar binada mahnı qoyub rəqs etdilər. Hansı ki həmin binadan şəhid çıxmışdı.

Nə qədər də olmasa, biz şəhid analarına hörmət qoymalıyıq. Hələ də şəhidlərimizin qırxı, yeddisi, üçü çıxmayan var. Hələ torpaqları qurumayıb, analarının gözləri yaşlıdır. Başqası indi çıxıb deyəcək, əcəb eləmişəm oynamışam. Amma mənim fikrim budur.

Bəli, mən də sevinmişəm. Amma mahnı qoyub şıdırğı getməmişəm. Mahnı qoymuşam maşınımda Azərbaycan himni və əsgər marşı, hələ səsin də vermişəm. Çox insanlar çəkib göstərir. Mən hələ etdiyim yaxşılığı çəkib göstərməmişəm. Mən də getdim əsgərlərimizin yanına, əlimdən gələni etdim. Telefonumda şəkillər də var. Amma mən onları göstərib bayraq etmədim. Vaxtı gələndə, zamanı gələndə göstərəcəm.

- Mövzu bura gəlmişkən, istəyərdim, bayraqdan, o cümlədən hərbi geyimlər geyinən məşhurlar barəsində də danışaq. Münasibətiniz necədir?

- O paltarı tikib əynimə geyinib, sonradan tənqid edilməkdənsə, niyə onu geyinim?! Onu hamı geyinib edə bilər. Amma etməmişəm. Mən yaxşı baxmıram. Maşınımın arxasına qoymuşam Azərbaycanın, Türkiyənin və Pakistanın bayrağını.

Hər birimiz vətənimiz üçün düşünmədən canımızı verə bilən insanlarıq. Mən gedim köynək, yubka tikdirim, özümü göstərim?

Gülünc bir şeydir. İndi bilirəm, mən bunu deyəndən sonra nələr danışacaqlar. Amma heç vecimə də deyil. Əsgər paltarını qoy əsgər geyinsin. Mən yalandan onu geyinib özümü reklam edə bilmərəm. O paltarı geyinirsən, onda sən də get vuruş də...

- Bir çox səfərlərdə olmusunuz. Ermənilərlə qarşılaşmısınızmı?

- Əlbəttə, bir dəfə teatrdan Qırğızıstana getmişdik. Orada münsiflərdən səkkizindən ikisi erməni idi. Amma mən yenə də yer qazandım. Deməli, onları da cəlb edə bildim. Sizə deyim ki, bu hadisə təxminən 2 il bundan öncə olub.

- Aktrisa olmasaydınız, hansı peşəni seçərdiniz?

- Aktrisa olmasaydım, məndən yaxşı idmançı çıxardı. Məktəb vaxtı kəndirə çıxmaqda ən birinci olurdum. Elə qaçışda da həmişə birinci olardım.

- Sənətinizdən heç küsmüsünüz?

- Hə, olub, çox olub. Haqsızlıq çox olub. Mən dırmana-dırmana gəlib aktrisa olmuşam. O qədər ağır daşlar qoyublar ki yoluma.

Mən Bakıda ola-ola deyiblər, Mehriban yoxdur. Mən heç bir kəsə qarşı pis olmamışam. İstəmişəm həmişə çörəkpulu qazansınlar. Amma məni çox yerdən vurublar. Mən rolda sillə yeyəcəkdimsə, mən istəmişəm, onu həqiqi yaşayım.

Bir dəfə Ulu Öndər Heydər Əliyev tamaşaya baxmağa gəlmişdi. Abbas Qəhrəmanov mənə sillə vurmalı idi həmin səhnədə. O da həyacanlı idi, silləni elə vurdu ki, ağzım partladı. Düşünürdü, bəlkə, mən senari bitdikdən sonra ona nəsə deyərəm, amma heç nə demədim.

Çünki bu, mənim sənətimdir. Çox təəssüflənirəm ki, dırnaqarası rejissorlar “Xalaqızı”, “Əmiqızı”, “Bibiqızı” kimi seriallar çəkirlər.

Yaxşı aktyorlara pul vermirlər. Allah rəhmət etsin Əjdər bəyə, gör vəziyyət necədir ki, heç yasa da gedə bilmirik. Kimlər qalıb ki, yaxşı aktyorların çoxu rəhmətə gedib. İndiki cavanlar heç kimdən məsləhət almırlar, biz elə olmamışıq. Öyrənməyə can atmışıq.

- Gənc aktrisalardan kimləri bəyənib izləyirsiniz?

- Baxıram ki, bu gün məndən aşağıdakılar - qiyməti, sənəti olmayanlar xalq artistidir. Deyirəm, neynirəm ki, onsuz da xalqımız o adı verib mənə. Damla film çəkdi, “Taxta ayı”, mən o qalada iştirak etmədim. Getməsəm də, millət alqışlamışdı.

Mən bu yaxınlarda Oksana xanımla seriala çəkildim. Oksananı çox bəyəndim. Ona iradlarımı bildirəndə xoşuna gəlirdi. Deyirdi, Mehriban xanım, əlbəttə, deyin, öyrədin məni. Bəyənməyə qaldıqda isə, teatrımızda istedadlı gənclər çoxdur.

Elə olub ki, gənc aktrisa olub, demişəm, "səndən aktrisa olmaz". Sözümü eşidib bu sahədən getdi. İndiki gənclərə "səndən aktrisa olmaz" demək olar?! Basıb gözümü deşər. İstəsinlər, kömək edim, pulla yox, elə-belə bildiklərimi öyrədim.

- Sizcə, Xalq artisti adı hansı aktyor və aktrisalara verilməlidir?

- Unudulanlar var. Əgər mənə 70 yaşdan sonra Xalq artisti adı veriləcəksə, neynirəm o adı?! Balıq başdan iylənir, Mədəniyyətdə oturan gəlib özü baxmalıdır, kimə ad verilməlidir, kimə yox... Mən niyə gedib deməliyəm ki, mənə ad verin.

Mənim də böyüyüm var, gəlsin baxsın. Külüng vururam o teatrda. İt də, pişik də, dovşan da - bütün rolları oynayıram. Sevərək oynayıram, uşaqlar mənə baxır. Onların sevinci mənim sevincimdir. Sevirəm sənətimi. Çörəkpulumu qazanıram. Bu günün gənci bəyənmir o rolları.

- Mehriban xanım, qazancınız sizi qane edirmi?

- Şükür, bu günümüzə. 500 manat Prezident mükafatı alıram. 734 manat da teatrdan pul alıram. Mən tək canımla ailə saxlayıram. Bu sənət sırtıqlığı sevir. Sırtıq oldunsa, hər qapıya gedəcəksən. Mən onu bacarmadım. Axtarsan, əynimdəki köynəyin qiyməti heç 20 manat olmaz. Lazım olanda bahalı da geyinmişəm. Mən ancaq Allahdan cansağlığı arzu edirəm. İçim özümü yandırır, çölüm özgəsini.

- Peşimanlığınız varmı?

- Mən bunu heç vaxt deməmişəm. Ulu Öndər Heydər Əliyev səhnədə mənə dedi ki, sən yaxşı oxudun, həm də yaxşı oynadın. İndi düşünürəm ki, kaş ki ona nəsə deyərdim. Elə bil dilim-ağzım bağlandı. Heç nə deyə bilmədim, buna çox peşimanam. Amma İlham Əliyevin doğum günündə mənə əməkdar artist adı verildi.

- Allah sizə məşhurluq nəsib etdi. Məşhurluq ailə taleyinizə təsir etdimi?

Bəli, ya gərək tam ailəni tutardım, ya da sənəti. Bilirsiniz, çox nadir hallarda olar ki, həyat yoldaşın səni tam başa düşə. Çünki bizim sənət elədir ki, bir gün evdəsən beş gün başqa yerdə. Mən sənətimi tutdum. Peşiman olmadım, qoy o peşiman olsun.

İnsan yaşlandıqca hərdən deyirsən ki, insanın sirdaşı olmalıdır. Amma başa düşən olsa olsun. Neynirəm məni başa düşməyən insanı yanımda?! Təklik də yaxşı şey deyil. Çox çətinliklər görmüşəm. Çox maneələr olub. Amma Allah çıxarıb.

- Bildiyim qədəri ilə həyat yoldaşınızın ikinci ailəsi də alınmadı. Sizə dönmək istədimi?

- İndi də istəsəm qayıdar. İki dəfə onu bağışlamışam. İndinin özündə də əlaqəmiz var, telefonla danışırıq. Amma artıq alınmaz, gecdir.

- Mehriban xanım, taleyinizdə övlad olmadı. Bir dəfə bu yaxınlarda efirdə ana olmaq istəyinizi açıqladınız. Bəs indi niyə alınmadı?

- Ana olmağın yaşı yoxdur. Bu gün də o addımı atdım, amma geri çəkildim. Mən qınaqlardan qorxmadım. Neçə yaşı olursa olsun, ana olmaq ayıb deyil. Sadəcə qorxdum. Qorxdum ki, onu yarımçıq buraxaram. Həyatdır, nə qədər yaşacağımıza zamin yoxdur.

Mənim cavan bacım rəhmətə gedəndə 3 yaşlı qızı qaldı. Vəsiyyət etdi ki, səndən başqa mənim uşağıma heç kim baxmaz. Xərçəng var idi ağciyərində. Cəmi 21 il yaşadı. Mən onun övladını böyütdüm. Bir nəvəm də təzə oldu. 5 övladı var, hamsına mən baxıram.

- Bacınızın yadigarı sizə analıq hissini yaşada bildimi?

- Mən o ailəli olan vaxtda fikirləşirdim ki, öz övladım olsun. Həkimlərə də getdim. Amma içimdə dərd etmədim, ana olmadığımı. Bu gün də həkimə getsəm, ana ola bilərəm. Mən sonsuz deyiləm. 3 dəfə uşağımı itirmişəm. Mən ana ola bilərdim.

Üstünə düşmədim. Müalicə etsəydim, övladım olardı. Amma peşiman deyiləm. Görürəm də, indiki bəzi cavanların ana-ataya hörmətini... Böyütdüm də... 3 yaşından böyütdüm. Küsdüm də, incidim də, amma ürəyim dözmədi.

- Hansı yaşı müdrik yaş hesab edirsiniz?

İnanırsınız, o, yaşla bağlı deyil. Mən özümü tələbəlik illərimdə necə idimsə, indi də elə hiss edirəm. Anamın 86 yaşı var. O, lal-kardır.

Anam xəstələnən kimi mən nələr etmirəm?! Onu ayağa qaldırmaq üçün əlimdən gələni edirəm. Mən onu yataqda görə bilmirəm. Atamı itirdim.

Kaş ki, anam bir gün danışardı mənimlə (red. - ağlayır). Heyif, çox təəssüflənirəm, çox çətindir. Bəzən elə olub ki, danışa bilməmişəm. İstəmişəm deyim, başa sala bilməmişəm.

Atam elə bilirdi, mən efirə çıxıram deyə mənim pulum var. Heç o vaxt maaşımız da yaxşı deyildı. O da lal, kar idi. 76 yaşında xərçəngdən öldü.

Olub ki, evə gec gəlirdim. Qapını döyürdüm, eşitmirdi. Telefonun işığın pəncərədən evə salırdım. Görüb qapını açırdı. Anam, tutaq ki, məndən üzük istəyir, onu borc-xərc edib, alıb gətirirdim. Heç nəyin qiymətini bilmir, ürəyi nə istəsə, hardan olsa alıb gətirirdim.

- Subay oğlunuza boşanmış qadın alardınızmı?

- Əlbəttə, alardım. Boşanmış qadının taleyi gətirməyib. Yaxşı qız olsa, əlbəttə ki, alaram. Yaxşı qadınlarımız da çoxdur, yaxşı oğlanlarımız da... içərisində pisləri də var.

Elə iki-üç gün qabaq bir verilişdə idim. Mənə dırnaqlarımı göstərib dedi, “Mehriban xanım, dırnaqlarıma boya vurmuşam, buna necə baxırsınız?” dedim, siz cəmiyyətə belə nümunə olursunuz?!

Mənim oğul övladım olsaydı və mən onun dırnağında boya görsəydim, onu ya övladlıqdan silərdim, ya da barmaqlarını doğrayardım. Bizim şəhidlərimizin dırnağında palçıqdan olub boya.

Onlar buna görə şəhid olmayıb ki, yerin üstündəki bəzi oğlanlar dırnağına boya çəkib gəzsin! Şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz dırnaqlarından qan axa-axa alıblar torpaqları. Bu, mənim şəxsi fikrimdir. Buna görə məni çox adam qınaya bilər.

Qeyd edim ki, mən bunu yalnız öz övladıma edərdim. İnanmıram hansısa ana-ata oğlunun dırnağına boya çəkməsini normal qəbul edər. Məni efirlərə dəvət edirlər, getmirəm. Bu dönəmdə müğənnini, aktrisanı neynir millət?!

Çıxarın efirə şəhid analarını, çıxarın qaziləri, hərbçiləri. Qoy xalq onları tanısın. Bizə görə qolundan, qıçından, gözündən olublar. Çıxarın qoy millət onları tanısın.

Şahidə Tapdıq
BAKU.WS