SİZİN REKLAM BURADA!
055 213 76 73


Velosipedlə dünya səyahətinə çıxan gənc səyyah Tieran Freedman ölkəmizdən xoş duyğularla ayrılıb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə səyyah sosial şəbəkədə məlumat paylaşıb. Azərbaycanda xoş qarşılandığını, ona qarşı xüsusi diqqət olduğunu söyləyən Tieran buradan xatirələrini heç vaxt unutmayacağını bildirib:

“Azərbaycanda gördüyüm qonaqpərvərlik möhtəşəm idi. Hətta polis belə mənə çay və şirniyyat verdi”.

Təxminən ötən ilin iyun ayından dünya turuna çıxan səyyahın gəzdiyi 12-ci ölkə Azərbaycandır.

Norveç, Polşa, Danimarka, Almaniya, Türkiyə, Gürcüstan yolu ilə səyahət edən gənc yol boyu Azərbaycanın bir çox bölgəsində olub. İlk qonaq olduğu rayon Tovuz olub: “Tovuzda yerli bir ailədə qonaq oldum və onlar məni toya apardılar.

Həqiqətən, bu, mənim üçün maraqlı bir hal idi və mən yeni insanlarla tanış olub, fərqli adət-ənənələr gürdüm. Daha sonra Gəncə şəhərində oldum və orada bloqum üçün maraqlı müsahibələr aldım”.

Gəzdiyi ölkələrdə insanlarla sıx ünsiyyət quran Tieran “The Place The Person The Plate” bloqu üçün maraqlı yazılar hazırlayır.

Səyyah Gəncədən Bakıya səyahətində Kürdəmirdə də qonaq olub və qaldığı ailənin onu mehriban qarşıladığını deyir:

“Daha sonra məni Kürdəmirə dəvət etdilər. Oraya çatdığım zaman gec olsa da, ailə məni çox mehriban qarşıladı və mənim üçün süfrə açılmışdı. Dolma, lobya şorbası yedim, şirniyyatlardan daddım”.

Bloqer ilk başda səyahətini Azərbaycanda sonlandırmaq istəsə də, artıq yeni ölkələr kəşf etmək və bu macəranı davam etdirmək istəyir:

“300 km-lik çöl mənzərəli yol ilə velosiped sürdükdən, bir gün boyu Xəzərin sahilini izlədikdən sonra paytaxt Bakıya çatdım.

Düzü, Xəzərin sahilindəki magistral yoldan dənizə baxanda Türkmənistan və Qazaxıstana sadəcə gəmi ilə getməyin mümkün olduğunu bilmək bir qədər kədərləndirir. 2019 mənim üçün unudulmaz oldu. Bu yolda mənə dəstək olan hər kəsə minnətdaram”.

BAKU.WS
QALEREYA