SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir.

BAKU.WS xəbər verir ki, Su çərşənbəsi - Novruz bayramının ilk çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:

Süfrəyə su dağılması aydınlıqdır,

Su içən adamı qəfil vurmazlar,

Su içən adamı ilan çalmaz,

Lal axan sudan keçərkən suyum irəlilə deyərlər

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

Su olan yerdə dirilik olar,

Su ehsandır,

Su murdarlıq götürməz,

Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Qeyd edək ki, Azərbaycanda martın 3-də Od, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir.

Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir.

Bununla da Şimal yarım kürəsilə Yaz fəsli daxil olur.

Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

BAKU.WS