SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycanın tarixinə qara hərflərlə yazılmış 20 Yanvardan 29 il ötür. 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Onlar öz qanları ilə xalqımızın azadlığa gedən yolunda, dövlət müstəqilliyimizin bərpasında ilk cığırlar açdılar. Xalqımız bu tarixi hər il böyük kədərlə və eyni zamanda fəxrlə qarşılayır. Hər il Şəhidlər Xiyabanında böyük izdiham yaşanır. 

Şəhidlər Xiyabanında bir qolu dəfn olunmuş şəhidin məzarı var. Bu, öz doğum günündə şəhid olmuş Yusif Allahverdi oğlu Sadıqovdur. 

Yusif 1964-cü ildə Ermənistan SSR-nin Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1981-ci ildə Cil kənd orta məktəbini qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyurdu. Ailənin sonbeşiyi Yusif Sadıqov təzə nişanlanmışdı, tezliklə toyu olacaqdı.

O müdhiş gecədən bir gün əvvəl Yusif bacısı Sayalı xanımla söhbətində deyib ki, azadlıq uğrunda həlak olanlar ölmür, şəhid olurlar, azadlıq isə qurbansız olmur. Bəli, azadlıq yolunda, suverenlik yolunda həlak oldu Yusif. Özü də 26 yaşı tamam olduğu gün.


Atası Sadıqov Allahverdi yanvarın 20-də Yusifin papağını Salyan kazarmasının yanından tapıb. O gündən ilim-ilim itib Yusif. Fevralın 4-də onun atası yenidən Semaşko adına xəstəxanaya gedir. Ölüxanada bir sağ qoldan çıxan paltarları ona göstərirlər. Atası oğlunun paltarlarını tanıyır. Kəsik qolundan çıxan paltarlar bunlardır; palto, pencək, köynək, jilet, alt köynək. Buna görə də valideynləri belə hesab edir ki, Yusif həlak olub. Bədən isə yoxdur. Onun sağ qolu Şəhidlər xiyabanında basdırılıb.


Tələbə yoldaşları Yusifi çox istedadlı bir gənc kimi xatırlayırlar. Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin sözlərinə görə, Yusif BDU-nun sayılıb-seçilən tələbəsi olub:

"Bakı Dövlət bizim tələbəlik illərində olduqca məşhur bir istedad vardı. Mexanika-riyaziyyat fakültəsində oxuyan Yusif Sadıqovu deyirəm. Yusif orta məktəbi Qərbi Azərbaycanın Krasnoselski rayonunun Cil kəndində qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. 3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib və birinci yerə layiq görülmüşdü.

Yusif davranışı, savadı, mədəniyyəti, əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi. Yaşadığı illərdə isə o, özündə yalnız fövqəlinsana xas olan keyfiyyətləri qoruyub saxlamaqla məşğul oldu. Yaşasaydı Azərbaycanının görkəmli riyaziyyatçılarından biri idi. Yusifin ölümü də düşüncəyə sığmır. O, yanvarın 19-dan 20-nə keçən gecə anadan olmuşdu. Qanlı 20 yanvar hadisəsində onun bir qolu tapılıb. Mən Şəhidlər Xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədir”.

Qeyd edək ki, Yusif Sadıqov fizika-riyaziyyat elmləri doktoru, professor Misrəddin Sadıqovun kiçik qardaşıdır. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın kiçik qardaşıdır.

Zülfiyyə Qurbanova
BAKU.WS