VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İyulun 26-da ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də Gəncədəndir. O, Gəncə şəhərindəki 27 №-li məktəb-liseyin məzunu Selcan Məmmədlidir.

BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, birinci qəbul imtahanından 676 bal toplayan Selcan bu nəticə ilə razılaşmayıb və yenidən hazırlaşaraq ikinci imtahandan maksimum nəticə əldə edib: "Birinci imtahanda 676 bal toplamışdım. Bəziləri deyirdi ki, ehtiyac yoxdur. Amma bu, zəhmətimin qarşılığı deyildi. Əgər yüksək nəticəyə nail ola bilərdimsə, niyə aza qane olum? Gözləyirdim ki, sinfimizdən daha çox uşaq 700 bal toplasın. 4 nəfər toplaya bilərdi bu nəticəni. Onlarla birlikdə istərdim ki, müsahibə verim".

Selcan deyir ki, ilk imtahanda siniflərində bir neçə nəfər ondan yüksək bal toplasa da, ikinci imtahanda təkcə o, 700 bal nəticə əldə edib.

Məktəbin direktor müavini Şahin Əzizzadə də xüsusi istedadlılar sinfinin bu il yüksək nəticə əldə etdiyini deyir: "Kollektiv olaraq sevinirik. Zəhmətimizin hədər getmədiyini görürük. Həm şagirdin, həm valideynin, həm də məktəbin zəhməti hədər getmədi. Həmin sinifdən yüksək bal toplayan çoxdur. İki nəfər də yüksək bal toplayıb. O sinifdən 7 nəfər fərqlənmə attestatı alıb, 2 nəfər isə qızıl medala namizəddir. Biri Selcan, biri də Fidandır".

Selcanın uğuruna daha çox sevinən valideynləridir. Atası Mahir Məmmədov deyir ki, onlar Selcanın yüksək nəticə əldə edəcəyinə əvvəldən inanıblar. Selcanın kiçik yaşlarından əldə etdiyi uğurlar bunu deməyə əsas verir: "Bu, bizim üçün böyük fəxrdir. Bu uğura görə məktəbin kollektivinə təşəkkür bildirirəm. Dərs deyən müəllimlərə təşəkkür edirəm. Selcanın nəticələri hələ bağçadan başlayıb. İngilis dilli bağçaya gedib. Sonra 1 nömrəli orta məktəbdə 4-cü sinfə kimi oxuyub. Daha sonra isə bu məktəbdə istedadlılar qrupunda oxuyub".

Selcan Məmmədli artıq seçimini edib. O, ADA Universitetində təhsil almaq istəyir.

BAKU.WS
]