Azərbaycanda iş qrafikinin dəyişdirilməsinin həm yaxşı, həm də pis tərəfləri ola bilər.

 

Bu barədə Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, insanlar işə tez gedib, işdən də evə tez qayıdırlar. Bununla da, onların ailələrinə ayırmaq üçün vaxtları çox olur.

"Lakin bu dəyişiklik çox vaxt aparacaq. Çünki insanlar iş qrafikinin dəyişməsinə uyğunlaşmalıdırlar. Bunun üçün adaptasiya olunmalıdırlar”, - deyə Dəyanət Rzayev bildirib.

Psixoloq dəyişikliyin pis məqamını isə insanların qış vaxtında evdən daha erkəndən çıxacaqları əlaqələndirib.

Mütəxəssisin fikrincə iş qrafikinin dəyişməsi düşünüldüyü kimi yollarda tıxacın qarşısını almayacaq: "Əslində eyni insanlar həmin nəqliyyatdan da istifadə edirlər. Sadəcə onlar işdən bir saat tez çıxacaqlar. Demək yollarda sıxlıq bir saat tez müşahidə olunacaq.


Xatırladaq ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət ünvanlanıb.

BAKU.WS-in məlumatına görə, müraciətdə deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokolunun 24-cü bəndi ilə Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq, avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltmək məqsədilə 2015-ci ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur. Tövsiyənin icrasını təmin etmək üçün Bakı şəhərində özəl sektorda və bank sektorunda fəaliyyət göstərən işəgötürənlər tərəfindən aşağıda qeyd edilən əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi zəruridir.


Müraciətdə Bakı şəhərində özəl sektorda fəaliyyət göstərən işəgötürənlərdən və bankların rəhbərlərindən görülən tədbirlər barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçtuna ([email protected]) məlumat göndərmələri xahiş olunur.

Ziya Səccad
BAKU.WS