VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mətbuatda və sosial şəbəkələrdə yayılan "Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu” başlıqlı xəbərə rəsmi münasibət bildirilib.

 

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, xəbərdə yayılan videogörüntüyə Bakı Şəhər Dövlət Yol Polisində baxılıb. Məsələ ilə bağlı bəzi məqamlar aydınlaşdırılıb.

 

Müəyyən olundu ki, qeyd olunan ərazidə yol polisilə sürücü arasında yaranan narazılıq dayanma-durma, parklama qaydalarının pozulması ilə bağlı olub. Sürücü, yaxud ordu zabitinin yol polisilə aralarında yaranan narazılıqla bağlı görüntülərdən açıq-aşkar görünür ki, "əlbəyaxa” münaqişə yaranmayıb. Yol polisi əməkdaşı ilə qeyd edilən ordu zabitinin "əlbəyaxa” olması ilə bağlı iddia öz təsdiqini tapmır. Görüntülər əsasında deyilənlər həqiqəti əks etdirmir, yol polisinin xidməti fəaliyyətinə kölgə salır, yayılan xəbərlər əslində baş verən hadisənin əsl mahiyyətini əks etdirmir. Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən mətbuat nümayəndələri bu məlumatı əlaqədar orqanlarla dəqiqləşdirmədən şişirdilmiş formada yayıblar.

 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi sürücülərin diqqətinə çatdırır ki, paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün dayanma-durma, parklama qaydalarına əməl edilməlidir. Sözsüz ki, məqsəd yollarda daralmanın qarşısını almaq, nəinki paytaxt sakinlərinin eləcə də digər hərəkət iştirakçılarının xüsusilə, sürücülərin təhlükəsiz, fasiləsiz və vaxt itirmədən, ləngimədən hərəkətini təmin etməkdir.


Qanunun tələblərini pozan sürücülərə yol polisləri tərəfindən müvafiq tədbirlər həyata keçirilməklə, inzibati protokol tərtib edilir. Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 407-ci və "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), nəqliyyat vasitələri müvəqqəti olaraq mühafizə olunan duracaqda saxlanıla bilər.


Ziya Səccad

BAKU.WS