Aprel ayının 28-29 tarixlərində Planeta Parni iz Baku KVN teatrının "Televiziyaya giriş qadağandır" adlı möhtəşəm konsert proqramı baş tutub.
 
BAKU.WS xəbər verir ki, hər dəfə olduğu kimi bu dəfə də konsertdə anşlaq yaşandı. "Bakılı oğlanlar" bu dəfə də düşündürərək güldürməyi bacardılar. Konsertdə yer alan səhnəciklərdə son zamanlar əhalinin üzləşdiyi sosial, iqtisadi problemlərə toxunulmaqla bərabər dövlət rəsmiləri təqlid olundu, telekanallarımızda insanların zövqünü korlayan verilişlər tənqid edildi, cəmiyyətdə baş verən problemlər öz əksini tapdı. Tahir İmanovun canlandırdığı Bakı meri Hacıbala Abutalıbov səhnəsi isə hər zaman olduğu kimi Heydər Əliyev sarayında əyləşən KVN sevərləri ürəkdən güldürdü.
 
Konsert proqramında Nazirlər Kabinetinin iclasının, AZAL-ın ucuz reyslərinin, Manatın devalvasiyası və ən əsası televiziyalarımızın hazırkı vəziyyətini təlqin edən səhnəciklər tamaşaçıların gülüşünə səsəb oldu. "Televiziyaya giriş qadağandır" adlı konsert proqramında əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, aktyorlar Azər Məmmədzadə, Emil Abbasov və başqaları səhnədə öz ustalıqlarını məharətlə sərgilədilər.
 
Son olaraq səhnələşdirilən "bağça-bağ" səhnəciyi efir məkanında, təhsil və səhiyyədə olan qüsrları özündə əks etdirdi. Əməkdar artist Bəhram Bağırzadənin "Balqabaq" obrazı üzlərdə təbəssüm yaratmaqla bərabər hər kəsi bir daha düşünməyə çağırış oldu. Konsertin sonunda KVN-nin sual cavab rubrikası baş tutdu. Bakılı oğlanlar bu dəfə də tamaşaçıların sualına yumorla cavab verdilər. Sualların çoxsunun Bakı meri Hacıbala Abutalıbovla bağlı olması ilə diqqət çəkdi.
 
Planeta Parni iz Baku KVN teatrının bədii rəhbəri Tahir İmanov konsert proqramının sonunda televiziya rəhbərlərinin 2015-ci ildən onların telekanallara çıxışına qadağa qoyulmasını vurğuladı. Bildiridi ki, bütün bu qadağalara baxmayaraq KVN teatrı öz fəaliyyətini davam etdirir və etdirəcək.
 
BAKU.WS