SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Allaha şükürlər olsun ki, bu gün böyük idmanda bir İlham var – İlham Zəkiyev"
 
BAKU.WS  Paralimpiya çempionu İlham Zəkiyevin İsti Press-ə verdiyi müsahibəsini sizə təqdim edir. 

Birinci Qarabağ müharibəsi, döyüşlər bir xalq olaraq tariximizə iz saldığı kimi, fərd olaraq insanların həyatında da öz rolunu oynayıb. Belə insanlardan biri də gözünün nurunu erməni gülləsi nəticəsində itirsə də, həyatın zərbəsi qarşısında əyilməyən, əksinə, bundan sonra uğur yoluna addım qoyan İlham Zəkiyevdir. Azərbaycan idmanının fəxri, dəfələrlə dünya, Paralimpiya çempionu İ.Zəkiyevin qonağı olduq.

Çempionumuzla Sumqayıtda yerləşən Şəhidlər Xiyabanında görüşdük. Söhbəti də bu günlərdə ildönümünü qeyd edəcəyimiz Xocalı faciəsindən başladıq:

"Xocalı faciəsi baş verən zaman mediamız zəif idi. Yəni biz ermənilərə təkcə hərbi sahədə yox, mediada da uduzurduq. Amma bu gün cənab Prezident də dediyi kimi, Azərbaycanın çox güclü ordusu var. Biz yalnız Ali Baş Komandanın əmrini gözləyirik. Aprel hadisələri də bunun sübutu oldu. Xalqın və ordunun vəhdəti ilə dörd günə böyük işlər gördük. Düzdür, itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

İ.Zəkiyev də bütün idmançılar kimi inamlıdır: "Bir daha deyirəm, bu gün biz – Azərbaycan ordusu, əsgərləri, zabitləri yalnız Ali Baş Komandanın əmrini gözləyirik. Dəfələrlə çıxışlarımda qeyd etmişəm ki, mənim Vətən qarşısında xidmətim orduda yarımçıq qalsa da, bu gün idman arenasında – tatamidə xidmətimi davam etdirirəm. Allaha şükürlər olsun ki, bu gün böyük idmanda bir İlham var – İlham Zəkiyev".

İdmançımız mənfur düşmənlərimiz haqqında da fikirlərini bölüşdü: "Onlar çox yaltaq millətdirlər. Həmişə çalışırlar ki, yaxınlıq etsinlər, amma mən uzaq dururam. Özləri də bilir ki, onlara necə nifrətim var. Məni yaxşı tanıyırlar. Həmişə bildirirəm ki, bizim bir düşmənimiz var – o da ermənidir. Başa salıram ki, uzaq durun məndən, yoxsa axırı yaxşı olmayacaq. Erməni rəqibim olmayıb. Hələ onlar nə iqtisadi, nə də idman sahəsində o səviyyəyə çatmayıblar ki, bizimlə güləşsinlər. Əgər erməni rəqibim olsa, təbii ki, onunla güləş tamam başqa cür, xüsusi amansızlıqla olacaq. Necə ki mən ona məğlub olmaq istəmirəm, yəqin ki, o da Azərbaycan idmançısına məğlub olmaq istəməz".

İlham Zəkiyev rəqiblərinin gücünü oyundan öncə necə hiss etdiyini də izah etdi: "O hissiyat təbii ki, mimikalarla olmur. Böyük idmanda böyük zədələr də olur. Hansısa yarışa bir az zəif hazırlaşanda, zədən olanda, xəstələnəndə özünü tam arxayın hiss etmirsən. Amma hazırlaşanda, formada olanda, təlim məşq prosesində yaxşı çalışanda adam özünü tam rahat hiss edir. Onda rəqibi, onun səndən güclü ola biləcəyini düşünmürsən. İdmandır, idmançı udar da, uduzar da. Qalib tək bir Allahdır. Gərək rəqibə də qiymət verəsən. Rəqibi saymasan, özündən zəif hesab etsən, onda qələbə olmayacaq".

Arzu Mirzəyeva
BAKU.WS