SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər paytaxtın müxtəlif ərazilərində tülkülər peyda olublar. Mərdəkanda, Pirallahıda, Qalada, Badamdar ərazisində çoxsaylı tülkü ailələri gözə dəyir. Hətta artıq Bakının Səbail rayonunun sakinləri də bununla bağlı şikayət ediblər.

Oxu.Az sakinləri narahat edən məsələ ilə əlaqədar mütəxəssisin fikrini alıb. Tülkülər niyə şəhər ərazisində peyda olurlar? Onlar hansı xəstəliyi yayırlar? Onların ərazidən kənarlaşdırılması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı açıqlama verən Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov bildirib ki, bəzi insanlar hətta tülküləri yemləyirlər:

"Tülkülərin şəhərə axını, insanlara hücumu deyə bir söhbət yoxdur. Bunu bəziləri pafos xətrinə yazırlar. Tülkülər insan məskənlərinə tədricən yaxınlaşmağa başlayıblar. Bunun bir neçə səbəbi var. Əvvəla, bu ərazilərdə uzun müddət öncə tülkülər yaşayıblar. Biz şəhər salırıq, zamanla onun ərazisi böyüyür və heyvanların yaşayış məskənlərini əlindən alır. İndi tülkülər də bizimlə birgə yaşayırlar. Ya onlar çıxıb getməlidirlər, ya da birgə ortaq mühitdə yaşamağı öyrənməliyik.

Vəhşi heyvanları şəhərə cəlb edən bir amil də asan əldə edilən yemdir. İnsanlar məişət tullantılarını vaxtlı-vaxtında utilizasiya etmirlər, ona görə heyvanlar da zibilliklərdə toplaşırlar.

Tülkülərin yaşadığı dağ-dərədə siçovullar var, onlarla qidalanırlar. Şəhərdə isə çoxsaylı zibilxanalar, təmizlənməmiş ərazilər, utilizasiya olunmamış məişət tullantılarının qalaqlandığı ərazilər var. Tülkülər siçovullarla, siçanlarla yanaşı, bu məişət tullantıları ilə də qidalanırlar.

Bu ərəfələr tülkülərin balalama dövrüdür. Bir tülkünün 5-10 balası ola bilir. Binanın zirzəmisində özlərinə yer ediblər, gecələr çıxıb məişət tullantılarını yeyir, qayıdırlar".

Bəs tülkülərdən necə can qurtarmaq olar?

E.Əsgərov bildirir ki, tülküləri şiddət göstərməklə qovmaq doğru deyil:

"Onları güllələmək, öldürmək düzgün deyil. Həyət evində, tülkülərin məskunlaşdığı yerlərdə it saxlamaq kifayətdir. Tülkülər özləri qurduqları yuvanı tərk edib gedəcəklər. Sadəcə, bir məsələ var ki, tülkülər quduzluq xəstəliyi yaya bilərlər. Quduzluq isə çox dəhşətli xəstəlikdir".

BAKU.WS