Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barəsində 21 cinayət işi başlanıb, 3 nəfər həbs edilib.

BAKU.WS
xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib" — deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Elmar Vəliyevə qarşı törədilmiş terror aktının ardınca Gəncə şəhərində qanunsuz aksiyalar çağışırlar olub. Daha sonra — iyulun 10-u axşam saatlarında bir qrup şəxs Gəncə şəhərinin mərkəzində qanunsuz aksiyaya cəhd edib.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

BAKU.WS