VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına növbəti cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvanın İran ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Türkiyə vətəndaşı Davut Korkmazın idarə etdiyi 27 V 7249 dövlət nömrə nişanlı DAF markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsinin təsvirləri əsasında gizli saxlanc yerləri müəyyən olunub.

Gömrükçülər tərəfindən 27 V 7250 nömrə nişanlı qoşqunun şübhəli hissəsinə fiziki baxış həyata keçirilərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilmiş ümumi çəkisi 108 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedəcəyi müəyyən olunub. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İsfahan şəhərində adığını, Naxçıvan üzərindən Türkiyəyə keçirməklə Qaziantep şəhərində adı istintaqa məlum olan şəxsə təhvil verəcəyini deyib.

Faktla bağlı Naxçıvan Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.