SİZİN REKLAM BURADA!
055 213 76 73


Dostum ədəb-ərkanla salamlaşıb, uşaqların kefini xəbər alandan sonra mətləbə keçdi: "Sabah axşam bizdə olarsan. Gülşənin ad günüdür. Dost-tanışı bir araya yığacam".

Səsli-küylü məclislərdən xoşum gəlmədiyi üçün əvvəl boyun qaçırmaq istədim. Amma Firudin əl çəkmədi:

"Bilirsən, uşağın qəlbi sınıqdır. Ən çox da məndən inciyib. Sabah 20 yaşı tamam olur. İstəyirəm, könlünü alım".

Gülşən Firudinin yeganə övladıdır. Atası ona uşaq desə də, iki övlad anasıdır. Altı ay əvvəl həyat yoldaşından ayrılıb.

Firudin "uşağın qəlbi qırıqdır" deyəndə, bunu nəzərdə tuturdu. Gülşənin xatirinə məclisə qatılmağa söz verdim.

... Dostumun Novxanıdakı bağ evində 65 adam vardı. Məclisin şirin yerində bunu özü qulağıma pıçıldadı: "Altmış nəfərlik yer düzəltmişdik. Sonra da beş stul əlavə etdik".

Biz bir az yeyib-içib, canlı musiqiyə qulaq asandan sonra Firudin qolumdan tutub məni iri gilənar ağacının altına çəkdi:

"Qağa, Gülşən sənin xatirini çox istəyir. Yəqin ki, sözündən çıxmaz. Bizi barışdır. Altı aydır üzümə baxmır".

Yeri olmasa da, ürəyimdən keçənləri deməkdən özümü saxlaya bilmədim: "Tələsdin, Firudin, çox tələsdin! Qızının 20 yaşı hələ indi tamam olur, 6 aydı iki uşaqla gəlib oturub dizinin dibində ..."

Günahkar adamlar kimi başını aşağı salıb, heç nə demədi... Sükutu mən pozdum: "Sən bu adamları hardan tanıyırdın? İlk gündən onlardan gözüm su içməmişdi".

Ağzındakı acı tüstünü havaya buraxıb, belə dedi: "Onları tanıdığım gün boynum qırılaydı ..."

Əlimi çiyninə qoyub, onu sakitləşdirməyə çalışdım: "Olacağa çarə yoxdur. Özünü çox üzmə. Mən Gülşənlə danışaram".

Gözlərinin dərinliklərində ümid qığılcımları parladı. Biz üzbəüz dayansaq da, boynunu bir az da mənə tərəf uzatdı:

"Qız iki dəfə nişanı qayrarmaq istədi. Mən razı olmadım".

Təəccüblə onu süzdüm: "Niyə? Mənim xəbərim olmayıb ..."

Az qala pıçıltı ilə danışırdı:

"Nişandan bir həftə sonra oğlan Gülşəni restorana dəvət eləmişdi. Bahalı bir yerdə oturublar. Qız deyir ki, mətbəxdə nə qədər naz-nemət vardısa, oğlan hamısını masanın üstünə yığdırdı. Yeyib-içəndən sonra telefonu qulağına qoyub, yoxa çıxdı.

İyirmi dəqiqə gözləyəndən sonra Gülşən ona zəng edib. Qayıdıb ki, anamın təzyiqi qalxıb, evə gedirəm.

Uşaq mənə zəng elədi. Gedib hesabı verdim. Evə gələndə qız dirəndi ki, nişanı qaytarıram. Mən qoymadım".

Yenə siqaret yandırıb acı tüstünü ciyərlərinə çəkəndən sonra belə dedi:

"Toylarından 10 gün əvvəl Gülşəni xalası oğlunun ad gününə aparmışdı. Geri qayıdanda, yolda mübahisə ediblər.

Küçənin ortasında qızı itələyib maşından yerə salıb, özü də çıxıb gedib. Uşaq 3 gün çörək yemədi. Yenə iki ayağını bir başmağa dirədi ki, nişanı qaytarıram.

Mən razı olmadım. Yalvar-yaxar elədim ki, bala dost-tanışın yanında başımı aşağı eləmə".

Dilimin ucuna qədər gələn sözləri geri qaytara bilmədim: "Başın yerə batsın!"

Daha heç birimiz danışmadıq. Qonaqlar onu axtardıqları üçün yenidən kollektivə qoşulduq ...

Məclis yekunlaşanda taksi çağırtdırıb, məni özü yola saldı. Sağollaşmaq istəyəndə, ağzını qulağıma yapışdırdı:

"Bu barədə yazarsan. İstəmirəm ki, mənim səhvimi başqa atalar da təkrarlasınlar.

Övladlarımızı öz ambissiyalarımıza qurban verməyə haqqımız yoxdur".

Əziz valideynlər, yaxşı-yaxşı eşidin: övladlarımızı öz ambissiyalarımıza qurban verməyə haqqımız yoxdur!

Seymur VERDİZADƏ
BAKU.WS