SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də Azər Elnur oğlu Əliyevdir.

BAKU.WS xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Azər Elnur oğlu Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

Yaşıdları kimi o da 2008-ci ildə kəndlərindəki orta məktəbin 1-ci sinfinə qəbul olunmuşdu. Sinif yoldaşları və müəllimlərinin sözlərinə görə, o, çalışqan, nümunəvi, ictimai işlərdə fəal iştirak edən şagird olmuş, vətənpərvər tədbirlərdə xüsusilə seçilmişdi.

2019-cu ildə orta məktəbi bitirən şəhid Azər Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olmuş, əsgərlik yaşına çatdığına görə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdı.

Azər Əliyev xidmət zamanı tankçı peşəsinə yiyələnmişdi. Vətən müharibəsi başlanan kimi döyüşlərdə iştirak etmişdi.

Döyüş yoldaşlarının sözlərinə görə, Füzuli istiqamətindəki döyüşlərin birində düşmən tərəfindən vurulan tankımızdan ekipaj üzvlərini çıxartdıqdan sonra avtomatı götürərək tankların birinin üzərinə çıxan Azər erməni əsgərlərini atəşə tutub, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib.

İgid əsgərimiz 30 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərda şəhid olub, doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan va hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Azər Əliyev ölümündən sonra “Vətən uğrunda” və "Füzuli rayonunun azad olunmasına görə" medalları ilə təltif edilib.

BAKU.WS
VİDEO