Xəstələrin bir milyon manatınının mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər

Xəstələrin bir milyon manatınının mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə veriblər
Hadisə 76

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nuridə Seyidovanın sürücüsü olmuş Füzuli Rəhimov dindirilib.

O, Nuridə Seyidovanın 5 ay sürücüsü olub:

"Mən əsasən onun övladını məktəbə, oradan da hazırlığa aparırdım. Mənə verilən pulları çatdırmışam. Ayseldən 7500 bir, sonra da 23 min dollar pul alaraq Nuridə xanıma çatdırmışam. Lakin valyuta dəyişməsi ilə məşğul olmamışam".

Aysel Məmmədova şahidin ifadəsini təsdiqləyərək bildirib ki, həmin 7 500 dollar zərərçəkən Lamiyənin, 23 min dollar isə digər zərərçəkən Kamilin pulu olub.

Zərərçəkən Kamil Əlişov bildirib ki, ona 23 min dolları Aysel Məmmədovaya verməsi göstərişini Gömrük Hospitalında olarkən Mircəlal Kazımi verib.

"Aysel Məmmədova həmin pulu şahid Füzuli Rəhimova verib ki, Nuridə Seyidovaya çatdırsın".

Nuridə Seyidova pulu aldığını təsdiq edib:

"Həmin pulu alıb şirkətin siyahısında növbədə olan digər xəstənin adına Türkiyəyə çatdırmışam. Məndə çekləri də var".

Prosesdə şahid qismində dindirilən Toğrul Kərimov qeyd edib ki, Nuridə Seyidovanın yanında işləyib:

"İş elanı vermişdim. Nuridə Seyidova zəng vurub iş təklif etdi. Onunla "Çinar Plaza"da görüşdük. Rəsmi olmayan işdə aylıq 400 manata çalışırdım. Nuridə xanım dedi ki, Türkiyəyə getmək üçün pasport lazımdır. Mən də tez pasport hazırlatdım. Mənim əsas marağım boynumla bağlı qüsurun düzəlməsi idi. Çünki onlar həkimlərlə işləyirdilər. İşə daxil olduqda əsas işim telefonlara cavab vermək olub. Mən xəstəxanalarla danışır, onların adını sayta saldırmağa çalışırdım. Mənə verilən və göndərilən pulları isə kartımdan çıxarıb, Nuridə Seyidovaya vermişəm. Bəzən ölkə xaricinə də pul göndərmişəm. Bircə dəfə məndən ona aid pulu kartdan çıxarmağımı xahiş edəndə soruşmuşdum ki, bu nə puldur mənə deyirsiniz gətirib sizə verim? Dedi ki, narahat olmayım, hər şey yaxşıdır. Sonra da heç pullarla bağlı maraqlanmadım".

Hakim Azad Məcidov bildirib ki, şahid pullara görə məsuliyyətə cəlb oluna bilər:

"Sən bəlkə də fiziki qüsurlu şəxs olduğun üçün məsuliyyətə cəlb olunmamısan. Müstəntiq olsaydım, səni məsuliyyətə cəlb edərdim. Çünki pulları sən almısan. Nuridə də deyir ki, pulu ona verməmisən. Kassaya da daxil etməmisən. Ümumiyyətlə, dövlətə həmin puldan bir qəpik də olsun mənfəət vergisi ödəməmisən. Bunların hamısı cinayət məsuliyyəti təşkil edir".

Şahid bildirib ki, ona verilən tapşırıq əsasında pulları dollarlar şəklində alıb, Nuridə Seyidovaya çatdırıb.

Proses aprelin 2-də davam edəcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barələrində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər