Ülkərin ürəksızladan hekayəsi: "Mənə 11 il cəza veriləndə, anam iflic oldu" (VİDEO)

Ülkərin ürəksızladan hekayəsi: Mənə 11 il cəza veriləndə, anam iflic oldu (VİDEO)
Video
Hadisə 2460

 

"Rezonans” verilişində bu dəfə tamahı ucbatından 6 ildir ki, məhbus həyatı yaşayan Ülkər Qədirova həyat hekayəsini danışıb.

Məhbus xanım kasıb ailədə böyümədiyini bildirib:

"Ziyalı ailədə doğulmuşam. 1 bacı, 1 qardaşım var. Anam həkimdir. Atam da yüksək vəzifələrdə işləyib. Həyat yoldaşımla təsadüfən tanış olmuşuq. Anası ilk gündən məni istəmədi. Qayınanam indi çox sevinir ki, mən içəridəyəm. 5-6 aydır ki, onunla danışmıram. Evim də olub, maşınım da. Həyatım çox yaxşı olub. Atamın bir əli mənim üstümdə olub. Amma tamah mənim evimi yıxdı”.

Bir tanışı, hüquq sahəsində çalışan Ülkərə işə düzəltmək üçün vasitəçilik etməyi söyləyib, o da razılaşıb:

"O adam mənə dedi ki, Ülkər xanım, adam ver mənə, işə düzəldək. Mən də hazırlayıb verdim. Gördüm ki, hər uşaqdan mənə yaxşı pul qalır. Uşağımın xərcləri, benzinimin pulu çıxırdı. Hər adama görə, 3000 manat pul almışam. Bir müddət sonra göndərdiyim adamları işə düzəldəni işdən çıxartdılar. Onun yerinə gələn şəxs bizim adamları yoxlamağa başladı. Bizim adamları bir-bir işdən çıxartmağa başladılar. Məndən şikayət edənlər də oldu, etməyənlər də”.

Ona verilən hökm övladının ad günündə oxunub: "55 dəfə məhkəməyə çıxdım. Mənə verilən cinayət hökmü övladımın ad günündə oxundu. Ata mülküm bura çox yaxındır. Küçənin o biri tayındadır. Ata mülkündən hər çıxanda buranın qarşısından keçirdim. Hər dəfə buradan keçəndə deyirdim ki, Allah uzaq eləsin”.

O, anasını uzun illərdir görmədiyini bildirib:

"Mənə 11 il cəza müddəti veriləndə, anam iflic oldu. Vaxtından tez pensiyaya çıxdı. Vəziyyət çox pis idi, mənə demirdilər. Anamla telefonda danışdım. Dedim ki, mənə görə oldun belə? Dedi ki, yox. Dedim ki, yox, mənə görə olmusan belə. 5 ildir ki, onu görmürəm. Atamdan çox xahiş elədim ki, gətir onu, bir dəfə görüm. Mən anamın əməliyyatında onun başının üstündə ola bilməmişəm. Özümü çox günahkar hiss edirəm. Ən böyük zərbələri vaildeynlərimə yetirmişəm. O dünyada da cavabını verə bilməyəcəm”.

6 ildir ki, həbsxana həyatı yaşayan qadın, həyat yoldaşının onu ziyarətə gəlmədiyini söyləyib:

"Atam dalımca gəlir. Anamı qoymur, bacımı da qoymur. Onlarla telefonda danışıram, şəkillərini görürəm. Həyat yoldaşım tutulsaydı, mən onu tək qoymazdım, bu qapının ağzından əl çəkməzdim. Amma o, utanır bura gəlməyə. Deyir ki, mən necə gəlim bura, qrup yoldaşım qapıda işləyir. Deyir ki, dostum mənə sual verir ki, sən bura kimin yanına gəlmisən? Cəmi 2 dəfə yanıma gəlib. Qayınanam həyat yoldaşımı evləndirmək istəyir. Efirdən onlara deyirəm ki, xoşbəxt olsun, oğullu-uşaqlı olsun. Mənimki onunla tutmayacaq, çünki mən dustaq həyatı yaşamışam. 2 uşağım qayınanamdadır. O, uşaqlara deyir ki, pis ananız cinayətkardır. Uşaq telefonda mənə deyir ki, ana, sən cinayətkarsan? Böyük oğluma isə valideynim baxır. O, hər 8 mart günündə mənə hədiyyələr gətirir. Deyirəm ki, bu hədiyyələri necə almısan? Deyir, babamın verdiyi pulları 4 ay yığıb almışam hədiyyəni. O biri uşaqlarımı da alacağam”.

Ülkər Qədirova həbsxanada keçən həyatından danışıb: "Çox kitab oxuyuram, teleseriallara baxmıram. Həyətdə tək gəzirəm. Azadlığı dəhşətli dərəcədə gözləyirəm. Mən dünənə kimi geyim, qızıl, var-dövlət xəstəsi idim, amma indi yox. Amma yaxşı ki, bura düşdüm, gözüm açıldı. Nə vaxt qapım açılsa, uşaqlarımı bir yerə yığıb, valideynlərimin yanında qalacağam”.

Turkustan.info

BAKU.WS

Son xəbərlər