Toyda olan qonşusunun evindən oğurladığı pulla özünə maşın alan şəxsə HÖKM OXUNDU

Toyda olan qonşusunun evindən oğurladığı pulla özünə maşın alan şəxsə HÖKM OXUNDU
Hadisə 55

Sabirabad rayonunun Moranlı kəndində qonşusunun evindən pul oğurlayan 24 yaşlı Araz Qarayev barəsində məhkəmə hökmü elan edilib.

BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs zərərçəkmişin övladının toyunda olmasından istifadə edərək pəncərədən evə daxil olub.

O, yataq otaqlarından birindən 2500 manat dəyərində qızıl üzük, digər otaqdakı şkafda yerləşən kassa aparatını götürərək həyətə çıxarıb. Daha sonra kassanı sındıraraq içərisində olan 15 930 manat və 2100 ABŞ dollarını ələ keçirib. Nəticədə zərərçəkmişə ümumilikdə 22 300 manat məbləğində maddi ziyan dəyib.

Araz Qarayev ifadəsində bildirib ki, hadisədən sonra pulu gizlədib Naftalana qayıdıb. Ertəsi gün Göygöl rayonunda VAZ-2114 markalı avtomobili 7300 manata alıb. O, avtomobilin pulunu oğurladığı vəsait hesabına ödədiyini etiraf edib. Daha sonra maşını əvvəlcə etibarnamə ilə idarə edib, iki gün sonra isə sevgilisinin adına rəsmiləşdirib.

Təqsirləndirilən şəxs bildirib ki, oğurluq hadisəsini təkbaşına törədib, əməlindən peşmandır, zərərçəkmişlə barışıb və dəymiş ziyanı tam ödəyib.

Zərərçəkmiş şəxs də məhkəmədə ona dəymiş maddi ziyanın tam ödənildiyini təsdiqləyib və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Araz Qarayev Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun əvvəl saxlanıldığı və həbsdə qaldığı müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 1 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Araz Qarayev məhkəmə zalından sərbəst buraxılıb.

Son xəbərlər