Qəhrəmanlıq daha necə olur ki?
İlham Quliyev "Kaspi" qəzetində yazır...
Biz artıq ekstremal vəziyyətlərdə bir yumruq kimi birləşə bilirik. Belə anlarda peşəkarlarımız önə çıxır. Hiss edirik ki, sinəsini önə verib bizi müdafiə edən dövlətimiz var.
AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşımında - "Ata, sən mənim qəhrəmanımsan", - deyə yazıb. Əslində atası tək onun deyil, bütün Azərbaycanın qəhrəmanıdır. O, kənar müdaxiləyə məruz qalan təyyarəni xeyli müddət havada saxlamağı bacarıb, bəlkə də aviasiya tarixində bir ilkə imza ataraq qəzaya uğramış təyyarədəki 30-a yaxın sərnişinin həyatını xilas edə bilib. Öz həyatı bahasına olsa da... Qəhrəmanlıq daha necə olur ki?
Qəhrəmanlar təkcə müharibələrdə olmur
Biz müharibədən yeni çıxmış ölkənin vətəndaşlarıyıq. Döyüş bölgəsində Vətən üçün canından keçən, ölümün üzərinə mahnı oxuya-oxuya gedən, sıldırım qayalara dırmanaraq şəhərlər azad edən qəhrəmanları görmüşük. Amma qəhrəmanlar təkcə müharibələrdə olmur. Düşdükləri ekstremal vəziyyətdə, ölümlə üz-üzə, göz-gözə qaldıqları anlarda belə, xidməti vəzifələrini ləyaqətlə həyata keçirən AZAL-ın ekipaj üzvləri də əsl qəhrəmanlardır. Təyyarə bələdçisi Hökumə Əliyevanın yerlə toqquşmaya dəqiqələr qala söylədiyi sözlər, sərnişinləri təsəlli etmək üçün işlətdiyi ifadələr adi insanın edə biləcəkləri deyil. İnsan ölümlə burun-buruna qaldığı dəqiqələrdə də "hər şey yaxşı olacaq" deyə bilirsə, bir neçə saniyəlik də olsa sərnişinlərə ürək-dirək verməyi bacarırsa, o, sözün əsl mənasında qəhrəmandır. Qəhrəmanlıq daha necə ola bilər ki?
Uzun müddət yaddaşlarda qalacaqlar
Bəli, bu insanlar uzun müddət yaddaşlarda qalacaqlar. Haqqında şeirlər, romanlar yazılacaq, filmlər çəkiləcək. Xeyli sayda gəncə nümunə olacaqlar. Hadisədə həlak olan pilotların və təyyarə bələdçisinin vida mərasimində ölkənin ali rəhbərliyinin də iştirak etməsi, II Fəxri xiyabanda dəfn olunmaları da onların artıq qəhrəman kimi qəbul edildiklərinin bir təsdiqidir.
Hamımız üçün çıxan dərslər
Bu hadisədən hamımız üçün çıxan dərslər var.... Yəqin yaralar qaysaq bağladıqca, daha ətraflı düşünmək imkanımız olacaq. İndilik isə əsas olan odur ki, biz artıq ekstremal vəziyyətlərdə bir yumruq kimi birləşə bilirik. Belə anlarda peşəkarlarımız önə çıxır. Belə situasiyalarda hiss edirik ki, sinəsini önə verib bizi müdafiə edən dövlətimiz var. Bütün bunları analiz edəndə içimizdəki kədəri cilovlayaraq "hər şeyin yaxşı olacağını" düşünmək olur. Çox çətin olsa da....
Oxşar xəbərlər
Ölüm xəbəri yayılan aktyor REANİMASİYADADIR
"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır". Bu barədə Oxu.az-a onun həmkarı İlkin Həsəni məlumat verib. O bildirib ki, hazırda Azər...