Qanunsuz mərc oyunlarının təşkilində təqsirləndirilən şəxsə iki maddə üzrə bəraət verilib

Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Urfan İlqar oğlu Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona iki maddə üzrə bəraət verilib.
Urfan Quliyev digər maddə ilə təqsirli bilinib. Belə ki, o, 1 il 10 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası ev dustaqlığı ilə əvəzlənib.
Qeyd edək ki, dövlət ittihamçısı Urfan Quliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, Urfan İlqar oğlu Quliyev Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil edib. Yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsinin 29 milyon manatdan artıq olduğu müəyyənləşib.
U.Quliyev bu yolla 3 milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmaqda təqsirləndirilib.
O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinib.

Oxşar xəbərlər
Bakıda özünü güllələyən şəxs tələbə imiş
Bakıda özünü güllələyən şəxs tələbə imiş. Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olan Nihad Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq...