“Qadın məni şantaj edir” - Xalq artisti
Bakı sakini Südabə Zalova şadlıq evində üst geyimini çıxardan zaman sırğasını itirib. Qadın bu barədə restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarının görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.
BAKU.WS xəbər verir ki, oğurluqda ittiham olunan Ramiz Məmmədov haqqında səslənən fikirlərlə bağlı AzVision.az-ın suallarını cavablandırıb. Xalq artisti oğurluq etmədiyini, üstünə şərt atıldığını deyib:
- Ramiz müəllim, bu hadisə nə vaxt olub və kimin toyuna getmişdiniz?
- Bu hadisə 5 ay bundan öncə baş verib. Rejissor Məhərrəm Bədirzadə məni qonaq qismində toya çağırmışdı. Məni həmin toya oğlum gətirmişdi, dedi ki, toy qurtarana yaxın zəng edərsən, gəlib səni götürəcəm. Axşam saat səkkiz olardı, gödəkcəmi soyunub içəri girdim. Birdən gördüm ayağımın altında nəsə qaldı. Əyilib aşağı baxdım ki, görüm bu nədi. Balaca, sadə, qara daşı olan qırılmış bijuteriya tapdım. İstədim onu zibil yeşiyinə atım, ancaq gözümə zibil qutusu dəymədiyinə görə, cibimə qoydum. Sonra da Məhərrəm müəllim məni qarşıladı, içəri dəvət edib, stol arxasında oturtdu. Başım toya qarışdığından tapdığım əşya heç yadımda da qalmadı. Gecə birin yarısı toydan evə gəldim. İnanın Allaha, ayağımın altında qalmasaydı, heç xəbim də olmayacaqdı.
- Sonra həmin bijuteriyanı kiməsə verdiniz?
- Toyun səhəri günü qudalarım bizə gəlmişdilər, süfrə arxasında oturmuşduq. Saat haradasa iki olardı. Məhərrəm müəllim mənə zəng etdi ki, bəs bu qadın sırğasının itdiyini və onu sənin götürdüyünü deyir. Dedim, toyda dünən ayağımın altında qalmışdı, amma bilmirəm nədir. Bijuteriyanı aparıb Məhərrəm müəllimə verdim. O da həmin xanıma təhvil verdi.
Səhərisi gün qadın mənə zəng etdi ki, siz kameraya düşmüsünüz, toy sahibinə verdiyniz sırğa mənim deyil. Mən də dedim ki, toyda nə tapmışamsa, onu da qaytarmışam. Mən elə nadürüst adam olsaydım, deyərdim düyməm qırılıb, yerə əyiləndə onu götürmüşəm. Heç nə verməzdim. Kameranı böyüdün, baxın, görün mən nə tapmışam. Həmin qadına 5-6 dəfə başa salmağa çalışdım ki, mən başqa şey görməmişəm. Sizi tanımıram, niyə pislik edim ki?!
- Südabə Zalova Məhərrəm müəllimin yaxın qohumudur?
-Qohumu deyil, toya gələnlərdən kiminsə rəfiqəsi olub. Məhərrəm müəllim dedi ki, həmin qadının onlara aidiyyatı yoxdur.
Məhərrəm müəllim həmin xanıma deyib ki, ayıbdır, belə hərəkət eləməyin, Ramiz müəllim oğru deyil. Başqa çarəm yox idi. Dedim ki, sırğanın tayını gətir, zərgərdə düzəltdirim, təki məndən əl çək. Amma qadın məndən əl çəkmədi. Dedim, qızım sən məni şantaj edirsən? Dedi ki, sən məni bu sözlə təhqir etdin. Bu insan məni şantaj edir, başqa heç nə deyə bilmərəm.
- Bu hadisə ilə bağlı polisə müraciət edilibmi?
-Həmin xanım polisə şikayət edib. Ona bildirdim ki, məndən şübhələnirsə, polisə müraciət et. O da etdi. Nizami rayon 24-cü polis bölməsinə gedib vəziyyəti olduğu kimi danışdım. Məhərrəm müəllimə zəng etdilər, o da təsdiqlədi. Bölmədə məni narahat etdikləri üçün üzr istəyib, yola saldılar. Dedilər, görünür qadında problem var.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın xalq artisti oğurluqda ittiham olunur - VİDEO
Bakı sakini Südabə Zalova şadlıq evinə toya gedərkən foyedə üst geyimini çıxardan zaman sırğasını itirib. Daha sonra onu tapmaq üçün restoran rəhbərliyinə mürac...