Pula görə bıçağı sevgilisinin ürəyinə sancdı - Keçmiş qadın polisin CİNAYƏT İŞİ - FOTO

Pula görə bıçağı sevgilisinin ürəyinə sancdı - Keçmiş qadın polisin CİNAYƏT İŞİ - FOTO
Foto
Hadisə 558

2018-ci il oktyabrın 20-i saat 22-də Xırdalan şəhərində, Heydər Əliyev parkında musiqi məktəbinin arxasında 1979-cu il təvəllüdlü Ramiz Hüseynovun meyiti aşkar edilir.

Faktla bağlı dərhal Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

İki gün sonra şübhəli şəxs qismində Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Günel Qasımova saxlanılır. Məlum olub ki, G.Qasımova sabiq polis əməkdaşıdır. Belə ki, o, 2010-cu ildən Daxili İşlər Nazirliyində xidmətə qəbul olunub və 2016-cı il yavnvarın 13-də öz ərizəsi ilə xidmətdən xaric edilib.

BAKU.WS xəbər verir ki, “lent.az” sabiq polisin cinayət işinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, Günel Qasımova 2013-cü ildən sevgi münasibətində olduğu Ramiz Hüseynova 2018-ci ildə ayrı-ayrı vaxtlarda ümumilikdə 2000 manat məbləğində borc pul verib. Həmin il oktyabrın 10-u saat 21 radələrində qadın həmin şəxsə zəng edərək Xırdalan şəhərində görüşməyi təklif edib. Günel Yasamal rayonunda, yaşadığı evdən çıxarkən həyat yoldaşı Rəhim Qasımovu aldadıb, ona rəfiqəsi Reyhanə Nəcəfovanın avtomobil qəzası törətdiyini deyib. Yaşadığı binanın həyətində, özünə məxsus olan avtomaşını olduğu halda, taksi sifariş edib. "Volkswagen Passat" markalı avtomobillə Xırdalan şəhərinin Heydər Əliyev prospektinə gəlib və Ramiz Hüseynovla görüşüb.

Onlar piyada gəzərək parkda, musiqi məktəbinin arxasına, heç kimin olmadığı qaranlıq yerə gəliblər. Ramiz borcu qaytarmadığı üçün aralarında münaqişə yaranıb. Bu zaman Günel üzərindəki bıçaqla Ramizi ürəyindən vurub. Nəticədə Ramiz hadisə yerindəcə keçinib. Daha sonra qadın törətdiyi cinayət əməlini gizlətməkdən ötrü Heydər Əiyev prospekti, 59 saylı binanın qarşısından yolu əks tərəfə keçib və saat 21:23-də taksiyə əyləşib, hadisə yerini tərk edib.

İş üzrə dindirilmiş Günel Qasımova bildirib ki, 2004-cü ildən ailəlidir, həyat yoldaşı Azərbaycan Şahmat Federasiyasında işləyir, bir övladı var. 2010-cu ildən Bakı şəhər Baş Polis İdarəsində kadrlar şöbəsində inspektor vəzifəsində işləyib:

"2016-cı ildə öz istəyimlə işdən çıxdım. Təxminən 3-4 il əvvəl atamgilin Pirşağı qəsəbəsində yerləşən bağına su çəkilişi ilə əlaqədar telefonla danışanda "AzərSu" ASC-də işləyən Ramiz Hüseynovla tanış oldum. Ramizlə təxminən ayda 2-3 dəfə müxtəlif yerlərdə görüşürdük, son vaxtlar yalnız telefonla danışmışıq və "Whatsapp"da yazışmışıq. 2018-ci ilin yanvar ayında Ramiz işdə problemləri yarandığı üçün 1000 manat lazım olduğunu deyəndə inanıb ərimdən xəbərsiz yığdığım puldan ona borc verdim. Aprel ayında, Hüseynov yenidən pul istədikdə, ona əlavə 1000 manat verdim. Beləliklə də, ümumi borc məbləği 2000 manat oldu. Həmin ay Ramiz işdən çıxdı, onun maddi sıxıntıları başladı. Münasibətimizdən Ramizin arvadı Güldərya Bayramovanın və bacısı Xəyalənin də xəbərləri vardı. Təxminən 2 il əvvəl zəng edib məni telefonda təhqir ediblər. Bir neçə dəfə Ramizlə əlaqəni kəsmək istəsəm də, Ramiz əl çəkmədi. Oktyabrın 20-də yazışma zamanı, pulumu istəyəndə Hüseynov hazırda cəmi 1000 manat pulu olmasını və əgər həmin məbləği bu axşam mənə verməsə, xərcləyəcəyini dedi. Ona görə də pulu qaytarmaq üçün məni Xırdalan şəhərinə çağırdı. Sifariş etdiyim taksi ilə ora getdim. Zibil qutularının yanında maşından düşüb zəng etdim, Ramizin telefonu sönülü idi. Bir neçə dəfə əlaqə saxlamağa çalışsam da, telefonuna zəng çatmadı. 15 dəqiqə gözlədikdən sonra Ramizin, məni aldatdığını düşünüb başqa taksi ilə geri qayıtdım. Səhərisi gün polis əməkdaşları yaşadığım evə gəlib onu Abşeron rayon Polis İdarəsinə apardıqdan sonra Ramizin Xırdalanda qətlə yetirildiyini bildim".

2-ci dəfə dindirilmiş Günel Qasımova ifadəsində göstərib ki, oktyabrın 21-də Abşeron Rayon Polis İdarəsində Ramiz Hüseynovun öldürüldüyünü eşidəndə qorxub, bir az düşünmək üçün zaman qazanmaq istəyib. Ona görə ilk ifadəsində, 15 dəqiqə gözlədikdən sonra Ramizin gəlmədiyini görüb, taksi ilə evə qayıtması barədə yalan danışıb:

"Əslində, biz parkın qarşısında görüşüb mehriban qaydada söhbət edə-edə, piyada gəzdik və aramızda mübahisə olmadı. Parkın qarşısından keçən səki bitdikdən sonra sağa döndük. Artıq gec və evə getməli olduğumu deyərək, Ramizlə sağollaşdım. Hüseynov da dostlarını nəzərdə tutub "uşaqlar məni yuxarıda gözləyir, onlardan ayırılmışdım, gedim yanlarına, evə çatanda mənə zəng edərsən" dedi. Heydər Əliyev prospektinə çıxdıqdan, 5-6 dəqiqə sonra taksi ilə evə qayıtdım".

Günel Qasımova əlavə edib ki, Ramiz Hüseynovu öldürməyib. Cinayəti törətmək üçün heç bir motivi olmayib. Onun Ramizlə sevgi münasibətində olmasından nə yoldaşının, nə də digər doğmalarının xəbəri olmayıb. Yalnız hadisədən 1-2 gün əvvəl anası onun Hüseynova borc pul verdiyini bilib. Hadisə günü, yaşadığı evin həyətində avtomobil saxlamaq çətin olduğuna və o, Xırdalan şəhərini yaxşı tanımadığına görə ora öz nəqliyyat vasitəsi ilə deyil, taksi ilə gedib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Xəyalə Tağıyeva ifadəsində göstərib ki, qardaşı Ramin Hüseynov 2010-cu ildə Güldərya Bayramova ilə ailə həyatı qurub və "Azərsu" ASC-də işləyib:

"2013-cü ildə Güldərya mənə Ramizin Günel adlı qadınla görüşməsi haqda məlumat verib. Günelə zəng edib, qardaşımdan əl çəkməsini xahiş etsəm də, o, sözlərimə əhəmiyyət verməyərək, məni söydü. Ramiz həmin qadına xəz gödəkçə, qızıl əşyalar və bahalı mobil telefonlar bağışlamışdı. 2018-ci il oktyabrın 20-i saat 23 radələrində xalamın gəlini bizə gələrək, Ramizin Xırdalanda, parkda kiminləsə dalaşmasını xəbər verdi. Əvvəl onun dediyinə inanmadım, çünki qardaşım sakit təbiətli insan idi. Ramizin ölüm xəbərini prokurorluqda bilən kimi, Günelə zəng etdim. Lakin həmin vaxt onun telefonu sönülü idi. Hadisədən 2 gün sonra Günel Güldəryaya zəng edərək, Ramizi öldürmədiyini bildirib və yalvarıb ki, polisə onun adını verməyək".

Şahid Güldərya Bayramova bildirib ki, 5 il ərzində həyat yoldaşı Ramizin Günel Qasımova ilə yaxın münasibəti olub:

"Günel gecələr zəng edib, məni narahat edirdi. Hədələyib sosial şəbəkələrdə mənim adımdan profillər açaraq, müxtəlif şəxslərlə yazışırdı. Oktyabrın 16-da Günel zəng edib ədəbsiz ifadələrlə təhqir edərək, mənə "sənin ərini qətlə yetirəcəyəm, öləndə də son sözü Günel olacaq, bu da səni ömrün boyu yandıracaq" dedi. Həmin günə kimi, ərimin qadına pul borcu olmasını bilməmişəm. Bu barədə özündən soruşanda, Ramiz təsdiq etdi ki, həqiqətən də Günelə borcu var və o, pulu qaytarandan sonra qadın ondan əl çəkəcək. Ayın 20-də zəng edəndə, Ramiz dostları ilə parkda olduğunu dedi. Axırıncı dəfə onunla saat 21:07-də danışdım. Bir müddətdən sonra zəng edəndə, cavab verən şəxs polis əməkdaşı olduğunu və Ramizi parkda huşsuz vəziyyətdə aşkar etdiklərini bildirdi".

Şahid əlavə edib ki, yalnız Günel tez-tez zəng edib, ona hədə-qorxu gələrək Ramizin başına oyun açacağını deyib. G. Bayramovanın sözlərinə görə, əri heç vaxt qumar oynamayıb və başqa şəxslərə pul borcu olmayıb. Ramizin ölümündə tək günahkar bildiyi insan Günel Qasımovadır.Şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Əli Almazov ifadəsində göstərib ki, oktyabrın 20-i saat 23 radələrində Növbətçi hisssədən Xırdalan şəhərində naməlum kişi meyitinin aşkar edilməsi haqda məlumat verilib:

"Qətlə yetirilən şəxsin sinəsində bıçaq yarası olub. Üzərindəki telefona zəng edən qadınla danışandan sonra, o da parka gəlib və mərhumun arvadı olmasını deyib. Qadın bildirib ki, ərini qeyri-rəsmi münasibətdə olduğu Günel adlı xanım öldürüb. Səhərisi gün Günel Qasımovanı idarəyə dəvət etdik. Həmin qadına Ramiz Hüseynovun öldürüldüyünü bildirəndə o, təxminən 1 ay olar ki onu görmədiyini söylədi. Sonra Güneli rayon prokurorluğunun müstəntiqi Elçin Mahmudov dindirib evə buraxdı. Müşahidə kameralarına baxış zamanı, Ramiz Hüseynovun parkın əsas girişinə tərəf gedib Günel Qasımova ilə görüşməsi müəyyən olunub. Bununla əlaqədar Günel səhərisi gün yenidən idarəyə dəvət olundu. Kamera görüntülərini göstərəndən sonra o, "Ramizlə görüşdüyünü və şadlıq sarayanın qarşısında ondan ayrıldığını" dedi. İaşə obyektlərindən götürülmüş videogörüntülərdən görünüb ki, onlar birlikdə Heydər Əliyev prospektindən Zərifə Əliyeva küçəsinə dönüb, musiqi məktəbinə tərəf gediblər. Təxminən 6 dəqiqədən sonra Günel həmin yolu tələsik, tək geriyə qayıdıb. Zibil qutularının yanında dayanıb və taksiyə əyləşib. Ramiz Hüseynova xəsarət təxminən saat 21:10-da yetirilib. Onların telefon yazışmalarına əsasən bu qənaətə gəlmək olar ki, ayın 20-də qadın onu aqressiv tonla görüşməyə dəvət edib".Şahid Nicat Abuşov bildirib ki, mərhum Ramiz Hüseynovun qohumudur:

"Dəfələrlə Ramizlə Günelin yaşadığı ünvana getmişik. Mən həyətdə gözləyirdim, Ramiz də mənzilə qalxırdı və 1-2 saatdan sonra aşağı düşürdü. 2017-ci ilin axırlarında binanın qarşısında görüşəndə Günel Ramizi hədələdi, aralarında münaqişə yarandı. Qohumum ailəsi və uşaqları olduğunu söylədikdə, qadın ona "səni öldürərəm" dedi. Hadisədən 2 il əvvəl Güneli və rəfiqəsini götürüb, birlikdə Nabrana getmişdik. Yeyib-içəndə Ramiz "münasibətlərinin gec-tez bitəcəyini" bildirmişdi. Bunu eşidən Günel masada olan bıçağı götürüb, sözlərini təkrarlamasını tələb etdi. Bir-təhər bunun zarafat olmasını deyib güclə onu sakitləşdirdik".

Günel Qasımovanın Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Həmin xüsusatlar öz təsdiqini tapmadığından 2018-ci il dekabrın 17-də Cinayət Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Məhkəmə iclasında Gülel Qasımova ittiham üzrə özünü təqsirli bilməyib.Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini istəyib.

Məhkəmə Qasımovanın ibtidai istintaqda və məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi ilə bağlı ifadələrini, özünümüdafiə xarakterli olmaqla, cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirib.

Məhkəmə hesab edib ki, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarin məcmusu ilə Günel Qasımovanın Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Qasımova cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər