Polis əməliyyatlar keçirdi - Saxlanılanlar var - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxtın Nərimanov rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ramin Ağazadə saxlanılıb.
Onun üzərindən və yaşadığı mənzildən 18 kiloqram 90 qram heroin, 740 qram tiryək, 152 qram qurudulmuş marixuana, 365 qram psixotrop maddə olan metamfetamin, 260 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbləri, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar olunaraq götürülüb.
Ramin Ağazadə ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib.
O, narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə anket məlumatları istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməli imiş.
Baş İdarənin əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt sakini Zaur Məmmədov narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb.
Onun üzərindən 97 qram heroin, 101 qram metamfetamin, narkotik maddələrin satışı zamanı istifadə etdiyi plastik kart, yaşadığı evdən isə əlavə, 6 kiloqram 190 qram heroin, 1 kiloqram 144 qram tiryək, 3 kiloqram 70 qram metamfetamin, 946 qram marixuana, 200 ədəd “Metadon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Zaur Məmmədov ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirdiyini etiraf edib.
Baş İdarə əməkdaşlarının Abşeron rayonunda həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə narkotik vasitələrin satışında şübhəli bilinən Səbuhi Hüseynli saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 361 qram psixotrop maddə olan metamfetamin və heroin, həmçinin, 1 ədəd elektron tərəzi aşkar edilib.
Səbuhi Hüseynli ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Baş İdarə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Nəsimi rayonunda keçirilən sonuncu əməliyyat zamanı isə əvvəllər də analoji cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Gündüz Abışov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 52 qram heroin və metamfetamin, eləcə də, 2 ədəd elektron tərəzi aşkar olunub.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 35 kiloqramdan artıq narkotik maddə, o cümlədən, 460 ədəd psixotrop tərkibli həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar.
Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirdi, saxlanılanlar var
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyas...