Oteldə öldürülən bank müdiri ilə bağlı məhkəmə: "6 saniyəyə 3 nəfər bıçaqlanıb"

Oteldə öldürülən bank müdiri ilə bağlı məhkəmə: 6 saniyəyə 3 nəfər bıçaqlanıb
Hadisə 4335

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də "Avropa" otelinin idman zalında öldürülən "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası olub. Sənan Quliyevin vəkili Cavid Rzazadə vəsatətlə çıxış edib. Vəkil bildirib ki, cinayət işinin ibtidai istintaqı zamanı qanunsuzluqlara yol verilib: "İttiham aktında qeyd olunub ki, yüngülləşdirici hal yoxdur. Amma nəzərə almaq lazımdır ki, hər iki təqsirləndirilən şəxs könüllü olaraq təslim olub. Hətta onlar aprelin 23-də təslim olarkən MövludUn şəxsiyyəti istintaqa bəlli olmayıb. Mövlud Səfərov ilk dəfə aprelin 23-də ifadə verərkən psixoloji problemlərinə görə müalicə aldığını, həkimin Əliağa adlı şəxs olduğunu və xəstəxananın adını da deyib. Lakin onun bu vəsatəti ilə bağlı heç bir müayinə keçirilməyib. İttiham aktında qeyd olunub ki, şahid Məlahət Ömərova aprelin 23-də Bakı Şəhər Prokurorluğunda müstəntiq Rövşən Allahverdiyev tərəfindən saat 15-dən 17-dək dindirilib. Cinayət İşinin digər hissəsində qeyd olunub ki, Mövlud Səfərov eyni müstəntiq tərəfindən həmin gün saat 14-dən 17-dək Nəsimi Rayon Prokurorluğunda dindirilib. Eyni müstəntiqin eyni vaxtda fərqli məkanlarda ifadə alması qeyri-mümkündür. Həmçinin, Nəsimi Rayon Prokurorluğunda və Bakı Şəhər Prokurorluğunda yaradılan isintaq qrupunda müstəntiq Rövşən Allahverdiyevin adı yoxdur. Bu müstəntiq heç bir səlahiyyəti olmadan dindirmə aparıb. Mövlud Səfərov mənə dedi ki, iş Bakı Şəhər Prokurorluğuna verildikdən sonra müstəntiq Cavid Abbasov ona cinayət işinin materialları ilə tanış olmağa imkan verməyib. Sənan Quliyev isə ittiham aktı ilə tanış olmayıb. Çünki müstəntiq ona ittiham aktı ilə tanış olması haqda bildirişi imzalatdıran zaman başqa bilmədiyini sənədlərə də məcburi imza atdırmaq istəyib. Buna görə də Sənan ittiham aktını da qəbul etməyib. Hazırda Sənan Quliyev ittiham aktı ilə tanış deyil. Hadisə baş verən zaman Sənan Quliyev də xəsarət alıb, burnu sınıb. Müstəntiq isə bu məsələ ilə bağlı heç bir araşdırma aparmadan, Sənana xəsarət yetirənin kimliyini müəyyən etmədən işə xitam verib. Hadisə baş verdiyi məkanı qeydə alan videogörüntülər müstəntiqə təqdim edilsə də, həmin materiallar müdafiə tərəfinə verilməyib. Biz, sadəcə, videonu izləyə bilmişik. Cinayət işində qeyd olunub ki, hadisə zamanı Sənan Quliyev saat 20:26:17-dən 20:26:23-ə qədər öncə Ceyhun Nağıyevi, sonra Ruslan Əfədiyevi, sonda isə Azər Məmmədovu bıçaqlayıb. Altı saniyə ərzində 3 nəfəri bıçaqlayıb. Bütün bunları nəzərə alaraq cinayət işinin baxılmasına xitam verilsin, iş prokurora geri qaytarılsın, Mövlüd Səfərov haqda onun həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilsin". Dövlət ittihamçısı çıxış edərək bildirib ki, cinayət işində təqdim olunan hallar məhkəmə üçün sübut olunmuş faktlar deyil. Qeyd olunanların da məhkəmədə sübuta ehtiyacı var. Buna görə də müdafiə tərəfinin qeyd etdiyi kimi hər hansı qanunsuzluqlar varsa, bu məhkəmə istintaqı zamanı aydınlaşdırılacaq. Buna görə də işin prokurorluğa qaytarılmasına ehtiyac yoxdur. Cinayət işi məhkəmə baxışına verilməsinə heç bir maneə yoxdur. Təqsirləndirilən şəxs ittiham aktı ilə tanış olmayıbsa, məhkəmədən vaxt istəyib həmin materiallarla tanış ola bilər. Hazırda məhkəmənin hazırlıq mərhələsidir. Digər göstərilən bütün hallar məhkəmə istintaqı zamanı həllini tapa biləcək məsələlərdir. Buna görə də cinayət işinə xitam verilməsinə heç bir əsas yoxdur. Təqsirləndirilən şəxslər haqda seçilən həbs-qətimkan tədbiri də dəyişdirilməməlidir. Çünki onların təqsirləndirildiyi maddələr ağır cinayət işlərinə aiddir". Zərərçəkmiş Azər Məmmədovun vəkili Sahib İsayev və zərərçəkmiş Ruslan Əfəndiyevin vəkili Nadir Qəmbərov dövlət itithamçısının çıxışını müdafiə ediblər və cinayət işinin məhkəmə baxışına verilməsini xahiş ediblər. Hakimlər kollegiyası qısa müşavirə elan edib. Müşavirədən sonra müdafiə tərəfinin verdiyi vəsatətin əsassız olduğu qeyd edilib. Məhkəmənin baxış iclası sentyabrın 8-nə təyin edilib. S.Quliyev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (bir qrup şəxs tərədindən xuliqanlıq), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət), 221.3 (silah qismində əşyanı tətbiq etməklə xuliqanlıq etmə), Mövlud Səfərov isə 221.2.1; 221.2.2; 221.3 maddələri maddələri ilə təqsirləndirilir. Səbail Rayon Məhkəməsinin qərarı ilə Sənan Quliyevlə bağlı 4, Mövlud haqda isə 3 ay həbs qətimkan tədbiri seçilib. BAKU.WS

Son xəbərlər