Nazirlik rəsmisi sol əvəzinə səhvən sağ ayağı kəsən həkimi müdafiə etdi

Nazirlik rəsmisi sol əvəzinə səhvən sağ ayağı kəsən həkimi müdafiə etdi
Hadisə 2115

"Hər hansı bir cərrahiyyə əməliyyatında yalnışlıq baş verdikdə əməliyyat blokunda olan bütün tibb işçilərin hamısı həmin hadisəyə görə məsuliyyət daşıyır. Onların hər birindən əməliyyat zamanı diqqətli olmaları tələb olunur. Çünki əməliyyat qrup işidir”. Bu fikirləri ANS PRESS-ə 87 yaşlı qadının sağlam ayağınının  kəsilməsini şərh edən Səhiyyə Nazirliyinin baş mütəxəssisi və nazirliyin cərrahiyyə üzrə baş mütəxəssisi Hacıqulu Bağırov deyib. 

Nazirliyin həkim səhvi ilə bağlı yaratdığı komissiyanın sədri Valeh Kərimovun əməliyyatdan sonra "cərrahiyyə masası səhv quraşdırılmışdı” sözlərinə belə cavab verib. 

Onun sözlərinə görə, insanların xüsusilə cüt orqanlarında əməliyyat aparılarkən əlavə diqqətli olmaq lazımdır: "T. Məmmədovanın əməliyyata aparılarkən hər iki ayağı sarğıda olduğu üçün həkimlərdə çaşğınlıq yaranıb. Mən demək istəmirəm ki, bu həkim doğru addım atıb. Ancaq insan faktorudur, ola bilər. Mən bunu məsuliyyətsizlik adlandırmıram. Sadəcə çaşqınlıq və səhv adlandırıram. Burada həkim səhlənkarlığı yox, həkim çaşqınlığı və səhvi var. Həkim əməliyyat otağına daxil olarkən başda əməliyyat masası olmaqla, bütün zəruri addımları diqqətə almalıdır. Görünür burada hansısa çaşbaşlıq baş verib”.

Baş cərrahın sözlərinə görə, əslində yaşlı qadının hər iki ayağı amputasiya edilməli idi. Bunun üçün həkimlər əməliyyatdan əvvəl qərar müvafiq qərar verməli idi:

"Həmin xəstədə sol aşağı ətrafın 4-cü dərəcəli (bud arteriyasında keçirilicilik 80 faiz, dizaltı baldır nahiyəsinə isə qan işləmir), sağ aşağı ətrafın isə 3-cü b dərəcəli (bud arteriyası 60%, dizaltı baldır seqmentində 80% qan işləmir) diabetik işemiyası mövcud olub. Bütün bunlar nəzərə alınaraq sağ ayağın da amputasiya edilməsi vacib idi. Ayaq 1 həftə və ya 1 aya kəsilməli idi. Həkimlər qeyd etdiyim diaqnozu qoyaraq sol aşağı ətrafın kəsilməsinə qərar veriblər. Lakin əməliyyat zamanı onlar tərəfindən çaşqınlığa yol verilib və səhv olaraq sağ ayaq amputasiya edilib".

Cərrah deyib ki, komissiya Tərlan Məmmədovanın səhhətini müntəzəm nəzarətdə saxlayıb və növbəti gün onun sol ayağının da amputasiya edilməsinə qərar verib.

Qadının səhhəti hazırda vəziyyətinə uyğun olaraq normaldır.İyun ayının 24-də Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Xəstənin nəvəsi Zaur Hüseynov ANS PRESS-ə bildirmişdi ki, şəkərli diabet xəstəsi olan nənəsi Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. 

Açıqlama verən səhlənkar cərrah Valeh Kərimov 87 yaşlı qadının hər iki ayağının qanqrena olduğunu deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti çox ağır idi. Həkim səhv etdiyini etiraf edib.

"Hər iki ayaq kəsilməli idi. Vəziyyəti daha pis olan sol ayaq amputasiya olunmalı idi, amma mən sağ ayağı əməliyyat etmişəm. Əməliyyat masası tərsinə quraşdırıldığı üçün mexaniki səhv baş verdi. Bu, hamının başına gələ bilər".Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu məlumat yayıb. Məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin "Xüsusiləşdirilmiş Angioloji Mərkəz”ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS

Son xəbərlər