"MTN işi"ndə zərərçəkən: "Mənə vurulan zərəri Yasin Məmmədov ödəməsə, onu öldürəcəyəm"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən zərərçəkən Qulam Bağırov bildirib ki, təqsirləndirilən Sahib Ələkbərovun əməli düzgün tövsif olunmayıb.
Zərərçəkən Sahib Ələkbərovun həbsi və ona yeni ittihamın verilməsi üçün vəsatətlə çıxış edib:
“Sahib Ələkbərov məni qanunsuz olaraq həbs etdi, faktiki olaraq girov götürdü. Bundan sonra mən 3 ay qanunsuz olaraq MTN təcridxanasında saxlanılmışam.
Ailəm də məcbur olaraq Sahib Ələkbərovun tələb etdiyi pulu düzəltmək üçün evimi, maşınımı, qızıl-zinət əşyalarını satıb, külli miqdarda borca pul alaraq 135 min dollar düzəldiblər. Həmin pulu qardaşım əlbəəl Sahib Ələkbərova verib.
Sizdən xahiş edirəm ki, Sahib Ələkbərovun əməli Cinayət Məcəlləsinin 182.3-cü maddə ilə tövsif olunsun, cinayət işi Sahib Ələkbərova yeni ittiham verilməsi üçün geri qaytarılsın”.
Hakim yerindəcə müşavirə keçirib və zərərçəkənin vəsatətinin baxılmamış saxlanılması barədə qərar verib.
Zərərçəkən Hüseyn Səfərov isə bildirib ki, hakimin verdiyi uzun fasilə günlərində Mövlam Şıxəliyev vəkili Arzu Cavadov vasitəsilə onunla təmas qurub:
“Mövlam Şıxəliyev istəyirdi ki, biz şikayət etməyək, onun, başına yığdığı mütəşəkkil cinayətkar dəstəsi üzvləri olan digər təqsirləndirilən şəxslərin cinayətlərini ictimailəşdirməyək. Mövlam Şıxəliyev vəzifədə olarkan bizlərə vurduqları ziyanı ödəyəcəklərini deyirdi.
Mövlam Şıxəliyev bizi inandırmaq üçün deyirdi ki, Eldar Mahmudov 3 zərərçəkənin zərərini ödəməyə hazırdır. Zakir Qaralovla Rüstəm Usubov da zərərçəkənlərin bir qisminin zərərini qarşılayacaqlar. Yerdə qalan zərərçəkənlərin zərərini də Mövlam Şıxəliyev və onunla mühakimə olunanlar verəcəklər”.
Zərərçəkənlər Nizami Kazımov, Akif Qurbanov, Elvar Əliyev, Ələddin Əliyevin də mövqeyi Hüseyn Səfərovun mövqeyinə uyğun olub.
Zərərçəkən Əfsəl Həsənəliyev çıxışı zamanı çox ağır durumda olduğunu deyib: "Mənə vurulan zərəri Yasin Məmmədov ödəməsə, onu öldürəcəyəm. Çünki başqa çıxış yolum yoxdur. Məni qanunsuz həbsə alıb, evimi “Unibank”a girov qoyub və külli miqdarda pul götürərək ələ keçirib".
Zərərçəkən Sərdar İsmayılov da ona vurulan zərərin ödənilməsini tələb edib: “Məni qanunsuz olaraq həbs edən Yasin Məmmədovdur. Ziyanımı da o ödəsin.
Mənim 1 milyon 400 min dəyərində malımı qaçaqmal elan edib və özlərinə götürərək satıblar. Özümü də aylarla girov saxlayıblar. Həmin vaxt ailəm dağılıb. Biznesim çöküb. Bu gün də çox ağır durumdayam, borc içindəyəm”.
Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Oxşar xəbərlər
Keçmiş müstəntiq: “Zakir Qaralov və Rüstəm Usubov cinayətkar dəstənin ən aktiv üzvü idi”
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi...