"Əli İnsanov Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirib"

Əli İnsanov Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirib
Hadisə 1057
 

Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı bildirib ki, ittiham aktına əsasən, Ə.İnsanov cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində psixotrop maddələr əldə edərək saxlayıb: "Aparılan yoxlama zamanı həmin vasitələr aşkar olunub. Bununla bağlı protokol tərtib edilib. Bu zaman Əli İnsanov protokol yazan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədova hücum edib. O, həmin şəxsin paqonunu cıraraq onu itələyib. Bu zaman Anar Məmmədov yıxılaraq başından xəsarət alıb".

Elan olunmuş ittiham üzrə Ə.İnsanov özünü təqsirli bilmədiyini söyləyib. Sabiq səhiyyə naziri ittihamları saxta adlandırıb.

Zərərçəkmiş qismində Anar Məmmədov dindirilərkən ittiham aktında yazılanları təsdiq edib.

Prosesdə hal şahidi olan məhkumlar - Rövşən Salahov, Şünasib Əliyev, şahid, keçmiş məhkum - Anar Təhməzov, Penitensiar Xidmətinin əməkdaşı Fizuli İsmayılov da ifadə verərək ittiham aktındakı faktları təsdiqləyiblər.

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin olunub.

Qeyd edək ki, ötən il avqustun 24-də həbsdə olan sabiq səhiyyə naziri Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Ötən il oktyabrın 11-də Ə.İnsanov barəsində Qaradağ rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu il yanvarın 11-də prokurorluğun təqdimatı ilə Qaradağ rayon Məhkəməsi Ə.İnsanov barəsində həbs qətimkan tədbirinin daha 2 ay, martın 3-də isə daha bir ay uzadılması barədə qərarlar çıxarıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Oxşar xəbərlər

Əli İnsanovun məhkəməsi başlayıb

Əli İnsanovun məhkəməsi başlayıb

Qaradağ rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb. "Report"un məlumatına g...

1489 Hadisə 15:29 07 aprel 2017

Son xəbərlər