Kaliforniyada gizlənən Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırıldı

Kaliforniyada gizlənən Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırıldı
Hadisə 70

Amerika Birləşmiş Ştatlarında (Kaliforniyanın Sakramento şəhərində) yaşayan, özünü siyasətçi kimi təqdim edən Vaqif Cəfər oğlu Allahverdiyev Baş Prokurorluğa çağırılıb.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, ABŞ-də "Viktor Aleksandr" kimi təsbit olunmuş, təqsirləndirilən şəxs, 1952-ci il təvəllüdlü Vaqif Cəfər oğlu Allahverdiyevə Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.

Ona izah edilib ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 21 noyabr 2025-ci il tarixdə 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.

Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 252006069 saylı cinayət işi üzrə 21 fevral 2025-ci il tarixdə Vaqif Allahverdiyevin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.

Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2025-ci il tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. 18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

V.Allahverdiyev 2017-ci ilin mart-may aylarının istintaqa məlum olmayan tarixlərində ayrı-ayrı epizodlar olmaqla 5 video müraciət hazırlayıb. O, həmin videolarda təkrarən Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan çıxışlar edib. Abdullayev hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa, konstitusiyanın zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edib.

Eləcə də təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar edib.

Təqsirləndirilən şəxsə izah edilib ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.

Təqsirləndirilən şəxs Vaqif Allahverdiyevə xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

Son xəbərlər