Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu

Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu
Video
Hadisə 63

Bərdə rayon sakini 22 yaşlı Aysel Quluzadənin anası qızının müalicəsi üçün kömək istəyir.

Səbinə Məmmədova Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, övladının səhhətindəki problemlər beş yaşında qulaqağrısı ilə başlayıb.

Onun sözlərinə görə, 9 aylıq müalicədən sonra Aysel həkim Əzizağa Talışınskinin iştirakı ilə əməliyyat olunub. Ana iddia edir ki, cərrahi müdaxilə zamanı yol verilən səhv nəticəsində qızının başında tampon unudulub və bu, sonradan ciddi fəsadlara səbəb olub.

Səbinə Məmmədovanın sözlərinə görə, Aysel dəfələrlə əməliyyat olunub. Nəticədə onun kəllə sümüyündə yaranan defektin aradan qaldırılması üçün həmin nahiyəyə implant yerləşdirilib.

Hazırda implantlarda iltihablaşma olduğunu və qızının vəziyyətinin ağırlaşdığını bildirən ana onun Türkiyədə əməliyyat olunması üçün 21 min dollar tələb edildiyini deyir.

"İllərdir övladımın müalicəsi üçün çalışıram. Kafelərdə, restoranlarda qab yuyuram. Nə qədər işləsəm də, bu məbləği toplaya bilmərəm", - deyə ana bildirib.

Səbinə Məmmədova əlavə edib ki, ikinci qrup əlilliyi olan qızının pensiyası 2025-ci il yanvarın 19-da dayandırılıb. Onun sözlərinə görə, Ayselin təcili əməliyyata ehtiyacı var və implantdakı iltihab həyatı üçün təhlükə yarada bilər.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildirilib ki, Bərdə rayon sakini 2005-ci il təvəllüdlü Aysel Murad qız Quluzadənin əlilliyinin qiymətləndirilməsi ilə bağlı son bir il ərzində elektron sistem üzərindən heç bir göndəriş (Forma-88) rəsmiləşdirilməyib.

Bunun üçün vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni Forma-88 sənədi rəsmiləşdirildiyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər