Gəncədə həkim tibb bacısının əri tərəfindən döyülüb

Gəncədə həkim tibb bacısının əri tərəfindən döyülüb
Hadisə 150

Yeni Gəncə Tibb Mərkəzində baş verən dava ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə laborator analizlərin verilməsi zamanı narazılıq səbəbindən yaşanıb. Laboratoriya şöbəsinin müdiri, mikrobioloq Xətai Quliyev klinikada çalışan Zərifə adlı tibb bacısının əri Kəyan tərəfindən döyülüb.

İttihama görə, həmin gün reanimasiya şöbəsində xəstə uşaqlara təcili analiz lazım olduğu üçün həkim Emiliya Əliyeva Xətai Quliyevə zəng edib. Analizlərin yoxlanılması zamanı gecikmə ilə bağlı tərəflər arasında telefon danışığında narazılıq yaşanıb. Daha sonra tibb bacısı Zərifə laboratoriyaya gələrək analizlərin vaxtında təqdim edildiyini bildirib və mübahisə yaranıb.

Bir qədər sonra klinikaya gəlmiş Kəyan adlı şəxs laboratoriyaya daxil olaraq Xətai Quliyevə yaxınlaşıb və göz nahiyəsinə yumruqla zərbə endirib. Həkim yıxılıb və həmin an Kəyan onun başına yumruq vurmağa davam edib.

Zərərçəkmiş həkim şikayətçi olduğunu və təqsirləndirilən şəxslə barışmadığını bildirib.

Kəyan ifadəsində həyat yoldaşına yemək gətirdiyini, telefon danışığında onun narahat olduğunu hiss etdiyini, dəhlizdə həkimlə aralarında mübahisə yarandığını və sonradan davaya çevrildiyini deyib. O, əməlindən peşman olduğunu və yüngül cəza verilməsini xahiş edib.

Hadisə klinikanın nəzarət kameraları tərəfindən də lentə alınıb.

Məhkəmənin hökmü ilə Kəyana doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Son xəbərlər