Dövlət əleyhinə çağırışlar edən Altay Göyüşova hökm oxundu

Dövlət əleyhinə çağırışlar edən Altay Göyüşova hökm oxundu
Hadisə 44

Dövlət əleyhinə çağırışlar etməkdə təsirləndirilən Altay Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən yekun iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənin 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmədə müşavirədən sonra qiyabi hökm elan olunub, Altay Göyüşov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi üçün axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2025-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

2025-ci il sentyabrın 17-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Altay Göyüşovun haqqında Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 20 aprel 2020-ci ildə "YouTube" kanalında, 2 sentyabr 2024-cü il və 1 yanvar 2025-ci ildə "Facebook" səhifəsində qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış mövcud hakimiyyətinə qarşı zor tətbiqi ilə çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Son xəbərlər