Bakıda qonşusuna kəllə ilə zərbə vuran qadın cəzalandırıldı
Sabunçu rayonunda iki qonşu qadın arasında mübahisə məhkəmədə yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə məhəllədə uşaqların futbol oynaması səbəbi ilə baş verib.
Zərərçəkmiş şəxs A.Əliyeva (soyadı şərtidir) izahatında bildirib ki, hadisə olan gün uşaqlar küçədə futbol oynayıblar. Bu zaman uşaqlardan biri topa vurarkən top onun sifəti istiqamətinə gəlib, amma başını əydiyi üçün top başının üstündən keçib gedib. O da azyaşlıya irad bildirib. Bu zaman futbol oynayan və uşaqları izləyən qonşusu B.Məmmədova (soyadı şərtidir) ona deyib ki, "sən nə deyirsən, uşaqdırlar da". Bu zaman təqsirləndirilən şəxsin yanında, 3 nəfər tanımadığı digər şəxs olsa da, başqa heç kim onunla mübahisə yaratmağa çalışmayıb və mübahisəni sakitləşdirmək istəyiblər. A.Əliyeva görüb ki, qonşusu mübahisəyə meyillidir, buna görə də oradan uzaqlaşıb, bacısı və qızı ilə birlikdə evinə gedib.
Daha sonra isə yaşadığı həyət evinə daxil olduqdan təxminən 15 dəqiqə sonra o və bacısı yaşadığı evin həyətində oturan zaman darvazanın şiddətlə döyüldüyünü eşidiblər. Bacısı darvazaya yaxınlaşıb və açdıqda görüb ki, gələn mübahisə edən qonşusu B.Məmmədovadır. Bu zaman o, həyətə daxil olmaq istəyib, lakin bacısı imkan verməyib. O isə bacısına onu içəri buraxmasını deyib. Daha sonra A.Əliyeva və B.Məmmədova arasında mübahisə yaranıb. Mübahisə zamanı B.Məmmədova kəllə ilə A.Əliyevanın sifət nahiyəsinə vurub və üzərinə hücum çəkməyə başlayıb. Bacısı araya girib onları sakitləşdirib. Aldığı zərbə nəticəsində A.Əliyevanın burun nahiyəsindən qan gəlib və burnundan xəsarət alıb. Daha sonra Daxili İşlər Nazirliyinin "102" çağrı mərkəzinə zəng vuraraq qonşusu tərəfindən döyülməsi barədə məlumat verib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə B.Məmmədova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.