Bakıda gecə binanın arxasında torpaq sürüşdü - XƏBƏRDARLIQ edildi

Bakıda gecə binanın arxasında torpaq sürüşdü - XƏBƏRDARLIQ edildi
Foto Video
Hadisə 1095

Ötən gecə Bakının Xətai rayonu, Gəncə prospekti 97 ünvanında torpaq sürüşməsi qeydə alınıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə sakinlərdən biri məlumat verib.

Onun sözlərinə görə, sürüşmə hadisəsi gecə saat 2 radələrində qeydə alınıb. Hadisə gecə baş verdiyi üçün xəsarət alan olmayıb.

"Bura uşaqların oynadığı ərazidir. Əgər hadisə gündüz olsaydı ağır nəticələnə bilərdi", - deyə sakin qeyd edib.

Bəs görəsən, həmin ərazi üçün sürüşmə baş verməsi xarakterikdirmi? Ərazidəki yaşayış evləri üçün hansı təhlükələr var?

Bununla əlaqədar BAKU.WS-ə danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, Bakı şəhəri coğrafi quruluşuna görə, sürüşməyə meyilli ərazidir. Ən çox süxurlar gilli, əhəng daşlı süxurlardır. İnsanlar bu əraziyə texniki müdaxilələr edəndə sürüşmə baş verir.

Onun sözlərinə görə, Gəncə prospekti ərazisində bu dövrə qədər dəfələrlə sürüşmə hadisəsi baş verib. Bu onu deməyə əsas verir ki, sürüşməyə kifayət qədər meyl edib:

"Hadisə müəyyən fasilələrlə baş verir. Bu fasilələrlə baş vermənin səbəbi də insanın antropogen təsirləri və texnogen yüklənmələrdir. Ərazi sürüşmə etibarilə yüksək riskli zonadır. Bu ərazidə sürüşmənin baş vermə səbəbi meyilli yamacın olması, süxur kütləsinin kifayət qədər sürüşməyə meyilliliyidir. Baxırsan ki, bəzən yamacın hamarlığında, orada süxurların toplanmasında yamacın xarici yuxarı hissəsində tikinti aparılan zaman süxurların sürüşdürülməsi və onların yamacda oturmasıdır. Yamac öz tarazlığını qorumaq üçün həmin süxurlara reaksiya verir".

Ekspert onu da deyir ki, belə reaksiyalar adətən yağıntıların düşməsi zamanı meydana gəlir.

Su xətlərinin yaratdığı təhlükə

"Yamacın qaş hissəsində mövcud olan evlər, ADSEA-nın su xətləri, kanalizasiya sistemi vacib əlamətdir. Bəzən ADSEA deyir ki, müxtəlif qədər itki olur və bu itkilər sürüşmələri fəallaşdırır. Özbaşına çəkilən su xətləri də Bakıda çoxdur. Dövlət tərəfindən buna nə qədər vəsait ayrılsa da yenə də bu işlər ADSEA tərəfindən tam başa çatdırılmır. Hər dəfə deyəndə də bildirirlər ki, növbəti plana salmışıq. Lakin elə işlər var ki onlar plana salmaüla aparılmamalıdır. Sürüşmə baş verən əksər yerlərdə ADSEA-nın su, kanalizasiya xərclərinin böyük rolu var. Ona görə də birinci növbədə əhaliyə verilən, kanalizasiya ilə ötürülən su ciddi şəkildə idarə olunmalıdır. Bunu özbaşına qoyanda sürüşmə baş verir. Yamaclara müdaxilə isə tamamilə dayandırılmalıdır. Yalnlz müdaxilə elə ola bilər ki, həmin hissədə mühəndis-texniki tədbirlər aparılsın. Dünya təcrübəsində belə yamacların möhkəmləndirilməsi üçün kifayət qədər təcrübə var", - deyə Mirnuh İsmayılov izah edib.

Sürüşmənin qarşısını necə almaq olar?

Bəzi yamaclarda suya az davamlı kol və ağacların əkilməsi vacibdir. Xüsusilə yamacın qaş hissəsində olan evlərin orada tikilməsi və o yükdən yaranan texnogen təsirlər yamacda yükü artırır, dayanıqlılığını zəiflədir. Sonra isə sürüşmə hadisəsi baş verir:

"İstinad divarları vaxtilə bu texnogen yüklənməyə hesablanmayıb. Sonradan orada məskunlaşma artdıqca istinad divarları yenilənməli idi. Bakının antropogen yüklənməsi artdıqca buna reaksiya verilməlidir. Hadisələri adətən cavabdeh qurumlar baş verdikdən sonra bilir. Alimlərin fikrini nəzərə almaq lazımdır, tez-tez ərazilərə baxış keçirilməlidir. Ekspertləri dəvət etmək lazımdır. Bu halda ağır fəlakətlərdən qaçmaq mümkündür. Kiçik sürüşmələr, böyük sürüşmələrin xəbərçisidir. Yadda saxlamaq lazımdır ki, Bakı tektonik fəal ərazidə yerləşir və bir qədər güclü təkanlar baş versə sürüşmə zonaları üçün fəlakət yarada bilər".

Banu Hüseynli

Son xəbərlər