Azərbaycanda İŞİD-çilərə bənzər cinayətlər törədən dəstə üzvləri tutuldu (RƏSMİ)

Azərbaycanda İŞİD-çilərə bənzər cinayətlər törədən dəstə üzvləri tutuldu (RƏSMİ)
Hadisə 890

Baş Prokurorluq noyabrın 28-də Zaqatala rayonunda dəhşətli cinayət törədən şəxslərdən ikisini də tutub. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayon sakini Vüsal Bəşirovun həmkəndliləri tərəfindən qəsdən öldürülməsinə cəhd faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb. Hadisə yerinə baxış keçirilib. Cinayətin aləti olan balta maddi sübut kimi götürülüb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib. Müəyyən edilib ki, qeyd edilən tarixdə radikal dini təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədilə əvvəlcədən balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlədib. Sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıblar. Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobililə şəhərin "Asma körpü” deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan məhrum ediblər. İstintaq araşdırmaları ilə həmçinin R.Tahirovun qəsdən öldürmək məqsədilə V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə xüsusi amansızlıqla Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsməsi və qanitirmədən ölə biləcəyinə əmin olduqdan sonra zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə yerindən qaçmalarına dair kifayət qədər sübutlar toplanıb. A.Musayev rayon Polis Şöbəsinə gedərək təslim olub, R.Tahirov və A.Mustafayev isə istintaqdan gizləniblər. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tahirov və A.Mustafayev də tutularaq istintaqa cəlb ediliblər. R.Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə), 29,120.2.1,  29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), A.Musayevə 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri, A.Mustafayevə isə 145.2.4-cü maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Ziya Səccad BAKU.WS

Son xəbərlər